“İqtisadiyyat” ixtisasının tələbələri ingilis dilində İqtisadi forum simulyasiyası keçiriblər

Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə ingilis dilində İqtisadi forum simulyasiyası keçirilib. “Pandemiyanın dünya ölkələrinin iqtisadiyyatına təsiri” mövzusunda keçirilən simulyasiyada ali təhsil ocağının tədrisi ingilis dilində olan “İqtisadiyyat” ixtisası üzrə I kurs tələbələri iştirak ediblər.

Universitetin rektoru Elbrus İsayev ali təhsil ocağının beynəlxalq əməkdaşlığında tədrisi ingilis dilində olan ixtisasların mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirilib ki, bu ixtisasların ikili diplom layihələrində iştirakını nəzərə alaraq tədrisi ingilis dilində olacaq ixtisasların sayının artırılması gələcək hədəflər sırasındadır. Rektor oxuduqları ixtisasın tələbələrə verəcəyi gələcək perspektivləri vurğulayaraq öz təklif və tövsiyyələrini çatdırıb.

“İqtisadiyyat və idarəetmə” fakültəsinin müəllimi Elvin Nəcəfovun moderatorluq etdiyi simulyasiyada tələbələr Azərbaycan, Türkiyə, Pakistan, ABŞ, İngiltərə, Almaniya, İspaniya, İtaliya, Yaponiya dövlətlərini təmsil edəərk həmin ölkələrə pandemiyanın təsir mexanizmləri haqda çıxış ediblər. Tələbələr qeyd ediblər ki, pandemiya ilə əlaqədar olaraq uçuşların dayandırılması, məhsulların ixracının minimal həddə endirilməsi, ölkələrin sərhədlərinin bağlanması, turizm, emal sənayesi və digər iqtisadi sahələrdə durğunluğun yaranmasına və dəyər zəncirinin davamlılığnın pozulmasına gətirib çıxarıb. Təqdimatlarda bildirilib ki, iqtisadi durğunluq virusun yayılmağa başladığı Çin də daxil omaqla ABŞ Avrozona kimi iqtisadi mərkəzlərin tənəzzülə doğru hərəkət etməsinə səbəb olub. Virusun Avropada ən çox yayıldığı ölkə kimi İtaliyanın, Avropa İttifaqının ən güclü iqtisadiyyatı olan Almaniyanın, Avropada Covid 19-un ən çox yayıldığı ikinci ölkə kimi İspaniyanın adı çəkilib.

Sonda ən yaxşı təmsilçi nominasiyası üzrə qalib olan Tuncay Ələkbərov diplom və kitabla təltif edilib, fəal iştirak etdiyinə görə isə Ayşən Əbülfəzli və Əli Qənbərov kitabla mükafatlandırılıb.