İqtisadiyyat və idarəetmə fakültəsinin dosentləri Nuriyyə İbrahimova və Bulqeyis Novruzovanın yubileyləri qeyd edilib

İqtisadiyyat və idarəetmə fakültəsinin dosentləri Nuriyyə İbrahimova və Bulqeyis Novruzovanın yubileyləri qeyd edilib

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və maliyyə kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Nuriyyə İbrahimovanın 70, Dünya iqtisadiyyatı və menecment kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Bulqeyis Novruzovanın isə 60 illik yubileyi qeyd olunub.

          Bu münasibətlə keçirilən tədbirdə ali təhsil ocağının rektoru Elbrus İsayev müəllimlərin yubileylərinin daim diqqətdə saxlandığını deyib. Vurğulanıb ki, müəllimlərin fəaliyyəti universitetin nüfuzunun beynəlxalq arenada  yüksəlməsinə, təhsil müəssisəsinin nüfuzunun artırılmasına və peşəkar kadr hazırlığına xidmət edir. Bildirilib ki, bu gün yubileyi qeyd edilən hər iki yubilyarın və onların timsalında fakültənin digər müəllim kollektivinin əməyinin bəhrəsi olan məzunlarımız muxtar respublikanın müxtəlif sahələrində peşəkar kadr kimi öz fəaliyyətlərini davam etdirirlər. Elbrus İsayev yubilyarlara universitetin Fəxri fərmanını təqdim edərək, onları yubileyləri münasibətilə təbrik edib.

          İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov vaxtilə tələbəsi olduğu  və hal-hazırda yubileyi keçirilən hər iki yubilyarı səmimi qəlbdən təbrik edib. Diqqətə çatdırılıb ki, hər iki müəllim tələbələrə daim qayğı ilə yanaşıb, tədris prosesini lazımi qaydada təşkil edib. Əşrəf Ələkbərov yubilyarlara uzun ömür, can sağlığı arzulayıb.

          Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, professor Teymur Abbasov qeyd edib ki, səbəbkarların hər ikisi öz uğurları ilə, tələbələrin elmi potensialının yüksəldilməsində, mənəvi-əxlaqi keyfiyyətləri ilə daim fərqlənən müəllimlər sırasında olublar. Teymur Abbasov yubilyarlara təbriklərini çatdıraraq, onlara fəaliyyətlərinə uğurlar arzulayıb.

          Sonra Dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov, Bələdiyyə və turizm kafedrasının müdiri Flora Kərimova çıxışları zamanı yubilyarların ünvanına xoş sözlər səsələndirilib, müəllimlərə hədiyyələr təqdim edilib. Qeyd edilib ki, hər iki müəllim öz üzərlərinə düşən vəzifələri daim yerinə yetirməyə, bu şərəfli ada layiq olmağa çalışıblar.

          Sonda yubilyarlar çıxış edərək, tədbirin təşkil olunmağında əməyi keçən hər kəsə və təbriklərə görə minnətdarlıq ifadə ediblər.

Leave a Reply

Your email address will not be published.