“İribuynuzlu mal-qara embrionlarının alınması və transplantasiyasına dair rəhbərlik” adlı dərs vəsaitinin təqdimatı olub

“İribuynuzlu mal-qara embrionlarının alınması və transplantasiyasına dair rəhbərlik” adlı dərs vəsaitinin təqdimatı olub

Naxçıvan Dövlət Universitetində Baytarlıq təbabəti kafedrasının dosenti, baytarlıq üzrə fələsəfə doktoru Yunis Rüstəmlinin rus dilindən tərcümə etdiyi “İribuynuzlu mal-qara embrionlarının alınması və transplantasiyasına dair rəhbərlik” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.

          Ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı tədbirlər haqqında 22 fevral 2018-ci il və Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında 22 noyabr 2019-cu il tarixli Sərəncamlarına müvafiq olaraq, heyvanların cins tərkibinin yaxşılaşdırılması, ərzaq və qida təhlükəsizliyinin inkişafına yönələn layihələrin tətbiqi məqsədilə bu sahə ilə bağlı elmi-tədqiqat işlərinin aparılması və xarici ədəbiyyatların tərcümə olunaraq nəşr edilməsi  nəzərdə tutulub. Rektor kafedrada cari il ərzində müxtəlif kitabların təqdimatının keçirildiyini və bu vəsaitlərin tələbələrin təhsil keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini diqqətə çatdırıb. Bildirilib ki, baytarlığa olan dövlət qayğısının nəticəsidir ki, bu sahədə mütəmadi olaraq dərsliklər, vəsaitlər çap olunur və maddi-texniki baza formalaşır. Elbrus İsayev müasir dövrün aktual mövzularından bəhs edən dərs vəsaitini  baytarlıq sahəsinə böyük töhvə kimi qiymətləndirib, müəllifi təbrik edərək, bu cür işlərin davamlılığını arzulayıb.

          Baytarlıq təbabəti kafedrasının dosenti, biologiya üzrə elmlər doktoru Etibar Məmmədov bildirib ki, 6 bölmədən ibarət olan kitabda embrion transplantasiyasının ətraflı, aydın şəkildə izahı verilib. Diqqətə çatdırılıb ki, bu transplantasiya biotexniki əməliyyat olub, mahiyyəti dişi-donor heyvanın cinsiyyət yollarından ilkin inkişaf mərhələsində olan embrionların çıxarılması və onların dişi-respiyent heyvanlara köçürülməsindən ibarətdir.

          Sonra çıxış edən kafedranın baş müəllimləri, biologiya üzrə fəlsəfə doktorları Əli Tahirov  və Mirvasif Seyidov kitab haqqında təəssüratlarını bölüşüblər.

          Bildirilib ki, dünyanın reproduktiv biotexnologiyalar sahəsindəki liderləri elmi sirr kimi embrionların istehsalı, emalı və transferi sahəsindəki tövsiyyələri tam olaraq vermir, alınan elmi yeniliklər isə yanlız elmi nəşlərdə dərc edilir. Bu da işin aktuallığını artırır və dünyanın əksər ölkələrinin alimlərinin ebrionların transplantasiyası sahəsindəki elmi-tədqiqat işlərinin həcmini artırmağa sövq edir. Vurğulanıb ki, bu baxımdan təqdimatı keçirilən vəsait baytarlıq sahəsinə çox qiymətli bir töhvədir.

          Daha sonra müəllif çıxış edərək diqqətə çatdırıb ki, tərcümə zamanı kitabın elmi məzmununa, mənasına və mahiyyətinə xələl gətirməyən cüzi dəqiqləşdirmələr aparılıb.

          Sonda müəllif müəllim və tələbələrə dərs vəsaitini təqdim edib.

Leave a Reply

Your email address will not be published.