Jurnalistika və xarici ölkələr ədəbiyyat kafedrasında elmi-tədqiqat işlərinin müzakirəsi keçirilib

Jurnalistika və xarici ölkələr ədəbiyyat kafedrasında elmi-tədqiqat işlərinin müzakirəsi keçirilib

Naxçıvan Dövlət Universitetində elmi-tədqiqat işlərinin müzakirəsi keçirilir. Jurnalistika və xarici ölkələr ədəbiyyat kafedrasında təşkil edilən müzakirədə kafedranın dosenti İman Cəfərovun “Molla Məsrəddin jurnalında şərq qərb ədəbi janrlarının kontaminasiyası” və Xumar Məmmədovanın “Akira Matsunaqa və Azərbaycan” mövzusunda elmi-tədqiqat işləri müzakirə edilib.

Kafedranın dosenti İman Cəfərov “Molla Məsrəddin jurnalında şərq qərb ədəbi janrlarının kontaminasiyası” adlı tədqiqat işində qeyd edib ki, jurnal hər zaman öz səhifələrində beynəlxalq hadisələrə münasibət bildirib, imperialist dövlətlərin müstəmləkəçilik siyasətini tənqid edib, Şərq xalqlarının azadlıq uğrunda mübarizəsinə rəvac verirdi. Jurnalın şöhrəti artaraq, konkret coğrafi məkan çərçivəsindən kənara çıxıb Rusiya, Qafqaz və Orta Asiyanın hər yerinə yayılaraq türk və müsəlman xalqlarının ictimai-siyasi inkişafında əhəmiyyətli rol oynayıb, habelə İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrin xalqlarının sosial-mədəni və siyasi tərəqqisinə böyük təsir göstərib. Jurnalın redaktoru, böyük satirik və maarifçi C. Məmmədquluzadə qarşısına cəmiyyətin nöqsanlarını oxuculara göstərmək və onları yaxşı həyat uğrunda mübarizəyə təşviq etmək məqsədi qoymuşdu.

Xumar Məmmədovanın “Akira Matsunaqa və Azərbaycan” adlı tədqiqat əsərində bildirib ki,  tədqiqatlarının əsas mövzusu türk xalqlarının tarixi və Azərbaycan dili ilə bağlı olan Akira Matsunaqa Bəkir Çobanzadənin irsi ilə bağlı elmi araşdırmalar aparır. Vurğulanıb ki, Akira Matsunaqa həmçinin Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında öz dəstəyini nümayiş etdirib və Yaponiyanın hökumət orqanlarının cəmləşdiyi Tokionun Naqataço rayonunda yerləşən konfrans mərkəzində Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durum” mövzusunda keçirilən brifinqdə iştirak edib. Diqqətə çatdırıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını dərhal və qeyd-şərtsiz tərk etməlidir. Professor çıxışlarında qeyd edib ki, Azərbaycan beynəlxalq aləmlə sıx münasibətlər quraraq dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Həmçinin Akira Matsunaqa  Azərbaycan-Yapon və Yapon-Azərbaycan dilində lüğət də tərtib edib.

Elmi tədqiqatlar əlaqələndirilməsi bölməsinin müdiri Rza Məmmədov və bölmə əməkdaşları tədqiqat əsərlərini qənəatbəxş hesab ediblər.

Sonda kafedra əməkdaşlarının mövzularla əlaqədar sualları cavablandırılıb.