
Kimya-biologiya təmayüllü liseyə qəbul olan şagirdlər və onların valideyinləri ilə görüş keçirilib
Görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev liseyə qəbul olan şagirdləri təbrik edərək ölkəmizdə elm və təhsilə göstərilən diqqət və qayğıdan söhbət açıb. O, Prezident cənab İlham Əliyevin təhsil sahəsində imzaladığı sərəncamlarla Azərbaycan təhsilində həyata keçirilən islahatlar nəticəsində yüksək nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.
Bildirilib ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident cənab İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı göstərilməsi dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinin Azərbaycanın ali təhsil müəssisələri arasında özünəməxsus yer tutan Naxçıvan Dövlət Universitetin tabeliyinə verilməsi də ali təhsil ocağına göstərilən yüksək diqqət və etimadın bariz nümunəsidir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər ərzində təsdiq olunan sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramında universitetin nəzdində ingilisdilli orta məktəbin yaradılması layihəsinin icra olunması da nəzərdə tutulub. Layihənin icrası istiqamətində məhz Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin bazasında yaradılacaq Beynəlxalq Məktəb gələcəkdə ali təhsil müəssisəsi ilə digər ölkələrin ali məktəbləri arasında əməkdaşlıqların güclənməsi, birgə proqramların təşkil olunması, həmçinin universitetlərdə yeni məzmunlu proqramların tətbiqi üzrə layihələrin həyata keçirilməsini də mümkün edəcək. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan təhsil tarixində ilklərə imza atan Naxçıvan Dövlət Universiteti bundan sonrada muxtar republikada elmin inkişafı istiqamətində öz töhfəsini verməyə yüksələn xəttlə davam edəcək.
Rektor qeyd edib ki, liseyin özəlliyi onun internat tipli olmasındadır. Liseydə yüksək təhsillə yanaşı, şagirdlərin milli dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verilir. Bu da onların gələcəkdə ölkəmizin hüdudlarından kənarda Azərbaycan elmini layiqincə təmsil etmələrinə şərait yaradacaq.
Görüşdə liseyin direktoru Nazim Rəhimov çıxış edərək qeyd edib ki, keçirilən imtahanda ümumtəhsil müəssisələrinin 7-ci sinfini bitirən 406 şagird iştirak edib. Nəticələrə əsasən, ən yüksək göstəriciyə sahib olan 30 nəfər qız, 32 nəfər oğlan olmaqla ümumilikdə 62 namizəd liseyə qəbul olub. Nazim Rəhimov liseyin maddi-texniki, müəllim kollektivi və burada təhsil alan şagirdlərin hüquq və öhdəlikləri barədə də geniş məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, şagirdlər və valideyinlər liseylə əyani tanış olublar.