Kimya müəllimliyindən zərgərlik sənətinə ilk addımlar

Kimya müəllimliyindən zərgərlik sənətinə ilk addımlar

Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin  “Kimya müəllimliyi” ixtisası üzrə təhsil alan III kurs tələbəsi Əzimova Nurayın əl işləri sərgisi keçirilib. Sərgidə iştirak edən rektor Elbrus İsayev son dövrlər universitetin əl işləri sahəsində gördüyü işlərdən və əldə olunan nailiyyətlərdən söhbət açıb. İncəsənət fakültəsi tələbələrinin əl işləri sərgisini xatırladan rektor, bu əsərlərin nəinki istehsalı və sərgisi prosesində, hətta hazırlanan məhsulların satışının təşkil olunmasına köməklik göstərildiyini və bununla da fərdi sahibkarlığın inkişafına töhfə verildiyini vurğulayıb. Rəngarəngliyi və fərqliliyi ilə seçilən əl işlərini izləyən rektor tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi və maddi təminatları baxımından onların yaradıcı işlərə maraq göstərməsini yüksək qiymətləndirib.

Fakültədə davamlı əl işləri sərgisinin nümayişinin faydalılığını vurğulayan fakültə dekanı pedaqogika üzrə fəlsəfə doktoru Bəhruz Məmmədov bu əsərlərin həm ənənəvi, həm də onlayn yolla satışının təşkil olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Nuray Əzimova bu əsərləri ev şəraitində böyük əmək hesabına ərsəyə gətirir və kimya sahəsindəki bilgilərinin bu zəhmətli işdə ona böyük köməyi olub.

Müəllif Nuray Əzimova ailəsinə maddi kömək məqsədilə başladığı yaradıcı işində universitet, o cümlədən, fakültə rəhbərliyinin mənəvi dəstəyini xüsusi vurğulayıb. Qadınlar üçün qolbaq, boyunbağı, sırğa və digər zinət əşyalarına, kişilər üçün isə təsbeh kimi aksesuarların hazırlanmasına üstünlük verdiyini deyən müəllif bunun üçün müxtəlif ölçülü və kəsimli təbii daşlardan istifadə olunduğunu bildirib.

Rektor və qonaqlara əl işlərini tanıdan Nuray Əzimova istifadə etdiyi daşların mifoloji mənaları oluğunu bildirərək onların hər biri barədə ətraflı məlumat verib. Müəllifin sözlərinə görə, pələnggözü qoruyucu daşdır, pişikgözü nəzərə, mərcan daşı təzyiqə qarşıdır. Malaxit daşı bronxial astma xəstəliyinə müsbət təsir edir, sitrin bərəkət daşı hesab olunur. Çəhrayı kvars sevgi, mirvari isə zəriflik simvoludur.

Sərgidəki əl işləri qonaqların böyük marağına səbəb olub.

Leave a Reply

Your email address will not be published.