
Konservatoriyanın onlayn hesabat konserti izləyicilərdə xoş ovqat yaradıb
Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsi Fortepiano kafedrasının onlayn hesabat konserti keçirilib. Universitetin rəsmi facebook səhifəsindən canlı yayımlanan konsertin çoxsaylı izləyicisi olub. Konsertdə ilk öncə sözləri İsa Həbibbəyli və musiqisi Səidə Məmmədovaya məxsus “Naxçıvanım” mahnısı İlkin Abdullayevin təqdimatında səsləndirilib. Azərbaycan klassik bəstəkarları F. Şücəddinov, V. Adıgözəlov, F. Bədəlbəyli, T. Quliyev, A. Məlikov, E. İbrahimovanın bəstələri tələbə və müəllimlərin ifasında izləyicilərə xoş ovqat bəxş edib. F. Şopen, S. Raxmaninov, L. V. Bethoven, Rikkardo Koçante və digər xarici ölkə bəstəkarlarının əsərlərinin səsləndirildiyi konsertdə ümumilikdə 20 əsər ifa edilib. Pianoda tələbələri kafedranın peşəkar müəllimləri müşayiət ediblər. Qeyd edək ki, kafedraya Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, professor Səidə Məmmədova rəhbərlik edir. Azərbaycan Respublikasının Əməkdar müəllimi Solmaz Axundova, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Vidadi Heydərov, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi Rəna Cəfərova, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimləri Nərminə Qədimova, Zemfira Babayeva kafedrada müəllim kimi fəaliyyət göstərirlər. Tələbələrin məhz bu müəllimlərdən dərs alması və keçirilən konsertlərdə müəllimlərin tələbələri müşayiət etməsi onların gələcək peşə təcrübəsində əhəmiyyətlidir.