
Magistrant və bakalavrların təcrübələrinin başlanğıc konfransı keçirilib
Naxçıvan Dövlət Universitetində magistrantların elmi-tədqiqat, bakalavrların isə istehsalat və pedaqoji təcrübələrinin başlanğıc konfransaları baş tutub.
Bu münasibətlə keçirilən tədbirlərdə magistrantların elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsində təcrübənin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, magistratura təhsil pilləsində təhsil alan II kurs magistrantlar tədris ilinin yaz semestrində 4 həftəlik elmi-tədqiqat təcrübəsi keçəcək. Vurğulanıb ki, elmi-biblioqrafik axtarışın təşkilində istifadə olunan üsullar və formalarla tanış olunması, aktual elmi problemlərin müəyyən edilməsi və onların tədqiq edilməsində təcrübə toplanması, elmi-tədqiqat proqramlarının işlənməsi və yerinə yetirilməsinin təşkili, tədqiqat nəticələrinin analiz edilməsi, təşkilatlarda layihələrin qruplar tərəfindən yerinə yetirilməsinin idarəetmə mexanizmlərinin mənimsənilməsi, magistrlik dissertasiyasının yerinə yetirilməsi üçün lazım olan materialların toplanması elmi-tədqiqat təcrübəsinin əsas vəzifələridir.
Tələbələrlə təşkil olunan görüşdə diqqətə çatdırılıb ki, həm pedaqoji, həm də istehsalat təcrübəsi eyni məqsədə, tələbələrin yüksək səviyyəli mütəxəssislər kimi yetişmələrinə xidmət edir. Qeyd edilib ki, təcrübələr muxtar respublikanın ali və orta ixtisas təhsil müəssisələri və digər dövlət orqanları ilə sıx əməkdaşlığı, tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda təcrübələr gələcəyin peşəkar kadrlarının bu peşəyə layiqlik dərəcəsi və səviyyəsini üzə çıxaracaq bir fəaliyyət sahəsi, həmçinin mütəxəssis, pedaqoq hazırlığı formalarından biridir.
Qeyd edək ki, universitetin əyani şöbəsində istehsalat təcrübəsi üzrə 29 ixtisasdan 442 tələbə 31 müəssisə və təşkilatda 54 metodistin nəzarəti altında təcrübə keçəcək. Pedaqoji təcrübə üzrə isə 17 ixtisasdan 397 tələbə muxtar respublikanın 16 sayda şəhər məktəbində və Babək rayonunun Şıxmahmud kənd tam orta məktəbində 74 metodistin nəzarətində təcrübələrini davam etdirəcək. Məlumat üçün onu da bildirək ki, istehsalat təcrübəsinə cəlb edilən tələbələr dövlət qurumları, nazirliklər, müxtəlif mərkəz və təşkilatlar, komitələr, televiziya, qəzet redaksiyasında və bu kimi 28 dövlət müəssisəsində 14 həftə müddətində təcrübə keçəcəklər