
Millət vəkili Hikmət Babaoğlu Naxçıvan Dövlət Universitetinin müəllim və tələbləri üçün ustad dərsi keçib
Ali təhsil ocağının rektoru Elbrus İsayev qonağı salamlayaraq, universitetdə görməkdən məmnunluğunu ifadə edib. Qeyd edilib ki, artıq universitetdə bütün ixtisaslar üzrə ustad dərslərin keçirilməsi ənənə halını alıb ki, keçirilən bu görüş də həm müəllim, həm də tələbələr üçün xüsusi əhəmiyyətə malikdir. Rektor diqqətə çatdırıb ki, siyasi sahədə hər zaman öz sözünü deyən Hikmət Babaoğlunun bu sahədə müxtəlif dərs vəsaitləri də nəşr olunub. Oxuculara təqdim olunan bu dərsliklərdə xarici siyasətin elmi-nəzəri və konseptual əsasları öz əksini tapıb.
Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qonağı təqdim edərək qeyd edib ki, millət vəkili olan Hikmət Babaoğlu, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmaqla yanaşı həmçinin, Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının politoloji aspektlərini kompleks şəkildə öyrənən ilk tədqiqatçıdır.
Daha sonra Hikmət Babaoğlu iştirakçıları salamlayaraq “Beynəlxalq münasibətlər”, “Xarici siyasət”, “Yeni dünya nizamı” kimi mövzularda çıxış edib. Bildirilib ki, müasir dövrdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yerini, rolunu, mövqeyini, iştirakçılıq səviyyəsini müəyyən edən başlıca strateji amillərdən biri həyata keçirilən xarici siyasət kursudur. Vurğulanıb ki, bir sıra nəzəri-konseptual mənbələrdə xarici siyasət, əsas etibarilə, daxili siyasətin davamı kimi səciyyələndirilir. Lakin bütövlükdə xarici siyasət spesifik xarakter daşıyır, yəni öz istiqamətləri, hədəfləri, məqsədləri və prioritetlərinə görə daxili siyasətdən fərqli xarakterə malik olan strateji vasitə kimi çıxış edir. Qeyd olunub ki, xarici siyasət dedikdə ölkənin beynəlxalq müstəvidə, regional və qlobal miqyasda siyasi, iqtisadi, mədəni, humanitar, hərbi, təhlükəsizlik və digər sahələri əhatə edən strateji maraqlarının təmin olunmasına xidmət edən milli fəaliyyət növü nəzərdə tutulur. Yeni dünya nizamı haqqında danışan Millət vəkili qeyd edib ki, Azərbaycan özünə perspektivli yer təyin edib. Vurğulanıb ki, Azərbaycan həyata keçirdiyi məqsədyönlü, strateji diplomatiya sayəsində dünya siyasətinin cazibə mərkəzlərindən birinə çevrilməkdədir. Bunun əsas səbəblərindən biri Prezident İlham Əliyevin dünya siyasətində baş verənlər dəyişikləri düzgün qiymətləndirmək və bu kontekstdə mili təhlükəsizliyimizi, milli maraqlarımızı yeni çağırışlarla uzlaşdıra bilmək bacarığıdır.
Müəllim və tələbələrin sualları cavablandırıldıqdan sonra Sonda Elbrus İsayev millət vəkilinə ustad dərsin təşkilinə görə universitetin təşəkkürnaməsini təqdim edib.