
“Müasir təbabətin aktual problemləri” mövzusunda tibbi konfrans keçirilib
Naxçıvan Dövlət Universiteti, Milli Onkologiya Mərkəzi, Azərbaycan Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyəti, Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar ictimai birliyi və Bolqarıstanın əczaçılıq şirkəti “Sopharma”nın birgə təşkilatçılığı ilə ali təhsil ocağında ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri” mövzusunda tibbi konfrans keçirilib.
Konfransdan əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub, dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Konfransda Naxçıvan Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Elsevər Əsədov, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimov çıxışlarında qeyd ediblər ki, ölkənin səhiyyə sisteminin müasir və beynəlxalq çağırışlar fonunda inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən olub.
Daha sonra Milli Onkologiya Mərkəzinin həkim-onkoloqu, doktor Niyazi Əsgərovun “İnvaziya edən xərçəng xəstəliyi”, Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar ictimai birliyinin sədri Gülnarə Ağayevanın “Karsil-forte pereparatının dərman və alkohol hepatitlərinin müalicəsində istifadəsi”, Azərbaycan Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri, professor Müşviq Həsənovun “Öd daşı xəstəliyi yanaşı xətəliklərlə birlikdə nə etməli?”, Hepatoloq Azər Nağıyevin “Qıcıqlanmış bağırsaq sindromunun müalicəsində Mebeverin preparatından istifadə” ATU Yolxucu xəstəliklər kafedrasının dosenti Vüqar Cavadzadənin “B Virus hepatinin autoimmun hepatitlə diferensial diaqnoz aspektləri” mövzularında çıxışları dinlənilib.
Sonda “Tabex – siqareti birlikdə tərgidək” sosial reklam çarxı nümayiş olunub.