Musiqi Kollecinin Aşıq sənəti ixtisası üzrə tələbələrinin Naxçıvan Dövlət Universitetində konserti olub
Universitetin Konservatoriyasında Musiqi Kollecinin Xalq çalğı alətləri şöbəsinin təşkilatçılığı ilə “Aşıq sənəti” ixtisası üzrə tələbələrin konserti tədbir iştirakçılarında xoş ab-hava yaradıb.
Kollecin müəllimləri Həsən Həsənli və Sərdar Qurbanovun bədii rəhbərlik etdiyi konsertdə Aşıq sənəti sinfinin tələbələri aşıq havalarını ustalıqla ifa ediblər. Belə ki, “Osmanlı Divanisi”, “Ayaq şəşəngi”, “Naxçıvani”, “Misri”, “Şirvan müxəmməsi”, bundan başqa “Baş sarıtel”, “Rühani”, “Səyyadı”, həmçinin “Yanıq Kərəmi”, “Baş müxəmməs” ifaları alqışlarla qarşılanıb. Kollecin müəllimi Həsən Həsənlinin ifasında “Türkü” konsert iştirakçılarına xüsusi zövq bəxş edib.
Konsertin sonunda çıxış edən universitetin rektoru Elbrus İsayev gənclərin xalq yaradıcılığı məhsulu olan Aşıq sənətinə yiyələnərək onu yaşatmalı olduğunu bildirib. Qeyd olunub ki, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən bu qədim sənət növü muxtar respublikada yaşadılaraq gənc nəslə ötürülür. Naxçıvan Muxtar Respublikasında aşıq yaradıcılığına göstərilən diqqət və qayğıdan danışan rektor tədbirin təşkilini yüksək qiymətləndirərək bu kimi konsertlərin davamlı olmağını məsləhət görüb.