Muxtar respublikada ilk dəfə reallaşdırılan informasiya – kommunikasiya texnologiyalarının BootCamp layihəsi uğurla yekunlaşıb

Üç gün davam edən layihənin ilk günü web developer Durna Zeynallı “React” proqramlaşdırma dili haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edilib ki, “React” istifadəçi interfeyslərinin qurulması üçün açıq mənbəli JavaScript kitabxanasıdır. Bu Facebook və fərdi inkişaf etdiricilər və şirkətlər birliyi tərəfindən təmin edilir.

Estoniyadan təlimə onlayn qoşulan həmyerlimiz, web developer Haşım Haşımov “Backend proqramlaşdırma” mövzusunda çıxış edərək “Python haqqında”, “Pythonun kitabxanaları”, “Köməkçi alətlər” kimi mövzulardan bəhs edib.

Təlimin ikinci günü “Bulud texnologiyaları” haqqında onlayn məlumat verən BestCompt MMC-nin əməkdaşı İlyas Novruzlu bildirib ki, bulud texnologiyaları konsepsiyası kompüter texnologiyalarının infrastrukturunun və proqram təminatının bilavasitə şəbəkə mühitində yaradılmasını və istifadə edilməsini təmin edir.

Günün II yarısı Naxçıvan Dövlət Universitetinin aparıcı mühasibi Təhmasib Quluzadə “Rəqəmsal iqtisadiyyat, dijital marketinq” mövzusunda təlim keçib. Qeyd edilib ki, marketinq fəaliyyətini rəqəmsal texnologiyaların köməyi ilə həyata keçirmə prosesi olan rəqəmsal marketinqin əsas məqsədi markanı, məhsul və ya xidməti internet vasitəsi ilə tanıtmaqdır.

Təlimin sonuncu günü universitetin İKT və Elektron Təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli “Əşyaların interneti: əldə edilən təcrübə və perspektivlər”, “Startap və ekosistemlərin tətbiqində İKT” adlı təlimlərdə bu sahədə baş verən ən son texnoloji yenilikləri iştirakçıların diqqətinə çatdırıb. Təlim zamanı tələbələrin hazırladığı Startap layihələri dinlənilib, onlara mentor dəstəyi göstərilib.

Təlimlər zamanı tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün intellektual oyunlar təşkil edilib. Layihənin yekun günündə “SR Group CO” şirkətinin Senior Systems administratoru Rəşad Bayramovun “İT sahəsinə gedən yol” mövzusundaki təlimi dinlənilib. Təlimdə beynəlxalq İT sertifikatlarının əldə olunması məqsədilə tələbələrə metodiki göstərişlər, həmçinin “İKT LAB”-ın resurslarından istifadə qaydaları barədə məlumat verilib. Eyni zamanda iştirakçılara “Cisco”nun netacad.com təhsil portalında olan kursları təqdim edilib.

Qeyd edək ki, təlimin sonunda təlimçilərə universitet adından təşəkkürnamə təqdim edilib.