“Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Naxçıvan Dövlət Rəsm Qalereyası və Miniatür Kitab Muzeyində olublar

Ekskursiya zamanı bələdçi Alsu Mikayılova Heydər Əliyev Sarayında muzeytipli müəssisə kimi fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyası haqqında məlumat verib. Bildirilib ki, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan qalereyanın əsas məqsədi rəssamların həyat və yaradıcılığını öyrənmək eyni zamanda gələcək nəsillərə çatdırmaqdır. Vurğulanıb ki, qalereyanın fondunda 150-dən çox rəssamın 500-ə yaxın əsəri var, hazırda ekspozisiya zalında 100-ə yaxın rəsm əsəri nümayiş etdirilir. Qalereyanın ekspozisiyası haqda məlumat verən bələdçi qeyd edib ki, ekspozisiyanın I guşəsini ulu öndər Heydər Əliyevə həsr olunmuş rəsm əsərləri və büstlər təşkil edir. Bildirilib ki, Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov, Rəfael Qədimov, İlham Mirzəyev və digər tanınmış rəssamların əsərləri qalereyanın dəyərli eksponatlarındandır.  Vurğulanıb ki, ekspozisiyanın II guşəsi görkəmli fırça ustalarının mənzərə və kompozisiya janrında çəkilən əsərlərə həsr olunub. Qalereyanın növbəti guşəsi yerli və xarici ölkə rəssamlarının festivallarda çəkərək qalereyaya təqdim etdikləri rəsm əsərlərindən ibarətdir. Nəzərə çatdırılıb ki, sonuncu guşədə naxçıvanlı rəssamların müxtəlif janrlarda çəkilmiş dəyərli rəsm əsərləri nümayiş olunur.

Ali təhsil ocağının əməkdaşlarının da əsərlərinin nümayiş edildiyi qalereyaya universitetin İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Cavid İsmayılovun müəllifi olduğu “Doğma diyar” əsəri hədiyyə olunub.

Heydər Əliyev Sarayında yerləşən Miniatür Kitab Muzeyində  olan qonaqlara məlumat verilib ki,  miniatür kitab kolleksiyalarının müəllifi Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, filoloq, miniatür Zərifə Salahovadır. Onun müəllifi olduğu kolleksiya 2015-ci ildə “Ginnesin rekordları kitabı”na düşüb. Vurğulanıb ki, Miniatür Kitab Muzeyi  ölkəmizdə III filial kimi fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, 1086 nüsxə miniatür kitabın nümayiş olunduğu muzeydə 31 ölkənin bayrağı 15 vitrindən ibarət müxtəlif kitablar, foto və diplomların sərgilənir. Burada həmçinin  ölkədə nəşr edilən mini, mikro və nadir, dini miniatür, keçmiş SSRİ-nin müttəfiq respublikalarında və Rusiya Federasiyasında 1991-ci ildə nəşr edilən kitablar habelə məşhur şəxsiyyətlərin avtoqraları olan miniatürlər nümayiş etdirilir.

Muzeydə ümummilli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən kitablar, o cümlədən müstəqil Azərbaycanın daxili və xarici siyasətində baş verən mühüm tarixi hadisələr haqqında kitablar yer alır. Diqqətə çatdırlıb ki, muzeydə həmçinin Azərbaycan ədəbiyyatının klassikləri, elm və incəsənət xadimləri, şair, yazıçı və alimləri və bir çox görkəmli şəxsiyyətlər haqqında kitablar da sərgilənir.

Qeyd edilib ki, muzeyin ən kiçik ölçülü kitabı 3 dildə çap olunan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Olimpiada andı” kitabıdır.