“Universitet dünyası” muzeyi

Naxçıvan Dövlət Universitetində ilk muzey “Universitet dünyası” adı altında ali təhsil ocağının 30 illik yubileyi ərəfəsində – 31 oktyabr 1997-ci ildə yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin yubiley münasibətilə universitetin  kollektivinə ünvanladığı  29 oktyabr 1997-ci il tarixli təbrik məktubu  muzeyin “Dövlətçilik” adlı baş salonunda təqdim olunur.

“Universitet dünyası” muzeyinin ziyarətçiləri Azərbaycan ictimai-siyasi və elmi-mədəni mühitinə böyük töhfələr verən bu elm ocağının keçdiyi tarixi yolu xatırlayır. Muzeyin üç salonunda toplanan eksponatlar universitetin əvvəlki dövrü haqda dolğun təəssürat oyadır.

1939-1954-cü illərdə Naxçıvan diyarını pedaqoji kadrlarla təmin etmiş “Naxçıvan Müəllimlər İnstitutu” lövhəsindəki şəkillər və həmin ali məktəbin tarixi haqqında fəlsəfə doktorluğu dissertasiyası yazmış şair-pedaqoq, mərhum Vaqif Məmmədovun yazısı və fotoşəkillər o illərin müəllim və tələbələri haqda tanışlıq imkanı yaradır.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan Filialı kimi yaradılan universitetin ilk tələbə-məzunlarının fotoşəkilləri, filialın binasının şəkli, müəllim və tələbələrin məzun albomları guşədə sərgilənir.

Muzeydə “Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu (1972-1990) adlı iki böyük stenddə 18 illik tarixə aydınlıq gətirilir.

Eksponatlar arasında yarım əsrdən artıq dövrdəki müddətdə keçirilmiş elmi konfrans materialları, dissertasiya işlərinin avtoreferatlarından nümunələr var. Naxçıvan diyarının görkəmli yetirmələri, böyük kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş materiallar şanlı elm tariximizdən xəbər verir.

Birinci salonda universitetin ilk məzunlarının 45 ildən sonrakı görüşünə aid guşə mövcuddur.

Xalqımızın üzləşdiyi erməni işğalları və soyqırımlar haqqında kitab və şəkillər muzeydə sərgilənir.

“Universitet dünyası” muzeyinin ikinci salonu xarici əlaqələrə həsr olunmuşdur. Burada Türk dövlətlərinin xəritəsi, əməkdaşların elmi kəşfləri, qazandıqları mükafatlar nümayiş olunur. “Professorlar” adlı guşə, qocaman pedaqoq  Naxçıvan MR əməkdar müəllimi Əkbər Süleymanovun anadan olmasının 80 illik yubileyinə aid materiallarla zəngindir. Universitetin beynəlxalq əlaqələri, əməkdaşların çap etdirdiyi kitablar ikinci salonda sərgilənmişdir.

2019-cu ilin mart ayında muxtar respublikaya səfər etmiş Bakı şəhəri orta məktəblərinin şagirdləri tərəfindən muzeyə verilmiş “Qız qalası” və “İçərişəhər” təsvirli əşyalar, qədim daş və saxsı əşya nümunələri maraqlı eksponatlar sırasındadır.

Universitetdə nəşr olunan “Fikir”, “Yeni fikir” qəzetlərinin nümunələri, “Fikir” jurnalı və “Elmi əsərlər” jurnalının saylarından nümunələr, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin universitetə səfərləri, rektorlar, fəxri doktorlar guşələr dövlətçilik adlı III salonda cəmlənmişdir.