Naxçıvan Dövlət Milli Dram Teatrında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Sevincin inciləri” qanun çalanlar ansamblının konserti keçirilib

Naxçıvan Dövlət Milli Dram Teatrında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Sevincin inciləri” qanun çalanlar ansamblının konserti keçirilib

Qeyd edək ki, bədii rəhbəri Naxçıvan Dövlət Universitetinin müəllimi, Prezident mükafatçısı, I Azərbaycan Respublikası və Amerika Beynəlxalq Müsabiqələrinin Qran-Pri mükafatçısı Sevinc Babayeva Naxçıvan Dövlət Universiteti və Naxçıvan Musiqi Kollecinin “Sevincin inciləri” qanun çalanlar ansamblının konsert proqramı baş tutub.

          Fortepianoda Naxçıvan MR-nın Əməkdar müəllimi Nərminə Qədimova, sintezatorda Sadiq Hüseynov, Ziya Fətullayev, zərb alətlərində universitetin İncəsənət fakültəsinin tələbələri Nəcəf Hacılı, Munis Əliyev, bədii rəhbəri Aytəkin Mustafayeva olan Naxçıvan Musiqi Kollecinin vokal qrupu, rəhbər xareoqrafı Ramil Bağırov olan kollecin rəqs dueti konsertdə ansamblı müşayiət edib.

          Konsert proqramında ifa olunan Cavanşir Quliyevin “Əsgər marşı”, Dadaş Dadaşovun “Skertso”, Antoli Novikovun “Smuqlyanka”, Süleyman Ələsgərovun “Şalaxo” və bunun kimi bir çox musiqi nömrələri musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Məlumat üçün bildirək ki, 1992-ci ildə Naxçıvan şəhərində musiqiçi ailəsində anadan olan Sevinc Babayeva 2002-ci ildə Ərtoğrul Cavid adına Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbinə “qanun” sinfinə qəbul olub. Hələ II sinifdə oxuyarkən, 2003-cü ildə NMR uşaq musiqi məktəbləri arasında keçirilən müsabiqədə I yerə və “İlin ən yaxşı ifaçısı” adına layiq görülüb. 2003-cü ildə ilk dəfə 11 yaşında Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestri ilə dahi bəstəkar S.Ələsgərovun qanun üçün yazdığı “Poema”sını  ifa edərək mütəxəssislərin diqqətini cəlb edib. 2004-cü ildə Naxçıvan MR Baxış müsabiqəsində “I dərəcəli” diploma, 2005-ci ildə ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 82-ci ildönümünə həsr olunan Respublika uşaq musiqi məktəblərinin müsabiqəsində “I dərəcəli” diploma layiq görülüb. 2006, 2007-ci illərdə Naxçıvan Muxtar Respublikasında keçirilən müsabiqələrdə “I dərəcəli” diplomlara layiq görülüb.

2007-ci ildə Naxçıvan Musiqi Kollecinin qanun sinfinə qəbul olub. Sevinc kollecdə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayevanın sinfində dərs alaraq “qanun” üzrə musiqi təhsilini davam etdirməyə başlayır.

 2008-ci ildə Bakı şəhərində keçirilən ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr edilmiş musiqi kolleci tələbələri arasında keçirilən Gənc ifaçıların I Respublika müsabiqəsində Sevinc Babayeva 721 ifaçı arasından “Qran Pri” mükafatına layiq görülüb.

2016-cı ildə Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzində “Musiqi tənqidi” ixtisası üzrə təhsilini davam etdirib və 2018-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurub.

2019-cu ildə Bakı şəhərində kerçirilən “Testene Art Baku” III beynəlxalq müsabiqəyə qatılır və bu müsabiqədə “I dərəcəli diploma” layiq görülür. Sevinc xanım eyni zamanda Ə.Cavid adına Musiqi və Bədii Sənətkarlıq məktəbində  pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Belə ki, 12 illik pedaqoji fəaliyyəti ərzində yetişdirdiyi onlarla yetirməsi Respublikada keçirilən müsabiqələrdə I və II dərəcəli diplomlara layiq görülüblər.  

Sevinc Babayeva eyni zamanda elmi fəaliyyətlə də məşğuldur, belə ki, o, bir neçə elmi məqalə və M.Babayeva ilə həmmüəlifi olduğu “Rus musiqi ədəbiyyatı” adlı 2 dərs vəsaitinin müəllifidir. Mədəniyyət və təhsil sahəsində göstərdiyi xidmətlərinə görə dövlət tərəfindən yüksək qiymətləndirilən Sevinc Babayeva, 7 may 2021-ci ildə Prezident mükafatına layiq görülüb.

Sevinc xanım ifaçılıq fəaliyyəti ilə bərabər Naxçıvan Dövlət Universitetində pedaqoji fəliyyətini də davam etdirir.

Leave a Reply

Your email address will not be published.