
Naxçıvan Dövlət Texniki Kollecində müşavirə keçirilib
Müşavirədə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Naxçıvan Dövlət Texniki Kollecinin kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək ölkəmizdə elm və təhsilə göstərilən diqqət və qayğıdan söhbət açıb. O, Prezident cənab İlham Əliyevin təhsil sahəsində imzaladığı sərəncamlarla Azərbaycan təhsilində həyata keçirilən islahatlar nəticəsində yüksək nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.
Rektor bildirib ki, muxtar respublikada təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturunun və maddi-texniki bazanın yaradılması təhsilin yüksək səviyyədə təşkilinə geniş imkanlar açıb. Naxçıvan Dövlət Texniki Kollecinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsi də bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, kollecdə tədrisin yüksək səviyyədə təşkili, əmək bazarına uyğun kadr hazırlığının aparılması, kollecdaxili nizam-intizam qaydalarının günün tələbləri səviyyəsində qurulması, pedoqoji heyətin tam ixtisaslaşdırılmış formada tədrisə cəlb edilməsi ilə təhsilin keyfiyyətinin yüksəldilməsi, savadlı və bacarıqlı gənc kadrların yetişməsi, dərslərin tələbələr tərəfindən tam olaraq mənimsənilməsi davam etdirilməlidir.
Qeyd olunub ki, kollecin fəaliyyət göstərdiyi kompleksdə yaradılan auditoriyalar, kimya-biologiya, fizika və baytarlıq laboratoriyaları, tədris olunan ixtisaslara uyğun fənn kabinələri, STEAM kabinəsi, kompüter otaqları, kitabxana və elektron vəsaitlər burada təhsil alan gənclərin savadlı, bacarıqlı mütəxəssis kimi yetişməsinə geniş imkanlar açıb. Bununla yanaşı kollecin müəllim və tələbələri Naxçıvan Dövlət Universitetinin təhsil imkanlarından da yararlanacaqlar. Rektor kollektivə göstərilən dövlət qayğısından düzgün yararlanmağı tövsiyə edib.
Kadr hazırlığı istiqamətində aparılan tədbirlərdən danışan Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov bildirib ki, kollecdə ötən tədris ilində, ümumilikdə, 14 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilib. Cari tədris ilindən isə əmək bazarındakı tələbatı nəzərə alaraq kollecdə “Kompüter sistemlərində proqram təminatı” ixtisası üzrə tələbə qəbulu aparılıb, ixtisasların sayı isə 15 çatdırılıb. Bununla yanaşı, kollecdə nizam-intizam və təlim-tərbiyə məsələləri diqqətdə saxlanılıb, tələbələrin peşəkar kadr kimi formalaşmaları üçün bu təşkilatlarda təcrübə keçmələri təmin edilib.
Asəf Ruşanov kollektivə göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə edib.
Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.