Naxçıvan Dövlət Universiteti əcnəbi tələbələri hazırladığı kompozisiya maraqla qarşılanıb

Naxçıvan Dövlət Universiteti xarici tələbələrinin hazırladığı şeir və mahnılarından ibarət konsert-kompozisiya təşkil edilib.

Tibb üzrə “Hazırlıq” kursunun dinləyicisi Yunus Emre Ezilmezin aparıcı olduğu tədbirdə müxtəlif ixtisaslar üzrə əcnəbi tələbələrin bədii qiraəti, müxtəlif mahnılar səsləndirilib. Əcnəbi tələbələrdən ibarət vokal qrupu Vasif Allahverdiyevin “Azərbaycanım”, Aygün Səmədzadənin “Azərbaycan” mahnısını xorda ifa ediblər.

“Müalicə işi” ixtisası üzrə III kurs nigeriyalı tələbə Jozef Okpamen Azərbaycan və Türk mahnılarını böyük ustalıqla ifa edib.

Tələbələr Cəfər Cabbarlının “Bayraq”, universitetin müəlimi və şair Xanəli Kərimlinin yazdığı “Bayrağını uca qaldır, Ana Vətən”, Gözün aydın, Azərbaycan! şeirini yüksək vətənpərvərliklə təqdim ediblər. Türkiyəli tələbələrin üstünlük təşkil etdiyi konsertdə Azərbaycan və Türk mahnılarından ibarət solo və xor ifalarına yer verilib.

Sonra konsert haqda yekun söz deyən universitetin rektoru Elbrus İsayev tələbələrin yüksək vətənpərvərliklə təqdim etdiyi tədbiri yüksək qiymətləndirib. Bildirilib ki, ali təhsil ocağında xarici tələbələrlə iş təkmil qaydada qurulub. Vurğulanıb ki, muxtar respublikada təhsil alan əcnəbi tələbələr yerli tələbələr kimi yüksək dövlət qayğısı ilə əhatə olunmaqla bərabər, həmçinin universitetin ictimai-mədəni işlərində də fəallıq nümayiş etdirirlər. Rektor diqqətə çatdırıb ki, yüksək vətənpərvərliklə təqdim edilən kompozisiya bir daha onu göstərdi ki, tarixi zəfərimiz hətta əcnəbi tələbələrimiz gözündə də yüksək həssaslıqla təqdim olunur. Elbrus İsayev artıq bir neçə tədbirlərdə fəal mövqeləri ilə çıxış edən hər bir tələbəni təbrik edib, onlara uğurlar arzulayıb və tədbirdə əməyi keçən hər kəs diplomla təltif edilib.

Qeyd edək ki, tələbələrin yüksək bacarıqla nümayiş etdirdikləri şeirlərinin bədii qiraəti ilə universitetin “Xarici dillər” fakültəsinin əməkdaşı İlahə Əşrəfova, “Tarix-filologiya” fakültəsinin əməkdaşı Röya Əliyeva məşğul olub. Musiqi nömrələrinin hazırlanmasında və təqdimində “İncəsənət” fakültəsi müəllimi Toğrul Quliyev, xor kolektivinin təqdimatında səsləndirilən musiqi nömrələrinin səsləndirilməsində isə xormeyster və dirijor Samirə Səfərova və Fəxriyyə Əliyevanın zəhməti olub.