
Naxçıvan Dövlət Universiteti Beynəlxalq məktəbində “İlham Əliyev gerçəkliyi: davamlı inkişaf, qüdrətli dövlət, tarixi Zəfər” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ulu öndərin və şəhidlərimizin əziz ruhunun bir dəqiqəlik sükutla yad edilməsindən sonra universitetin rektoru Elbrus İsayev çıxış edərək qeyd edib ki, Azərbaycanı dinamik inkişaf yoluna çıxaran Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 ili tamam olur. Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Ona olan ümidləri, etimadı doğrultdu. Ulu Öndər Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixdə xalqa müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını və Onun gələcəyinə böyük inam bəslədiyini bildirmişdi. Belə bir əminliyi də ifadə etmişdi ki, axıra çatdıra bilmədiyi işləri, planları cənab İlham Əliyev xalqın dəstəyi ilə axıra çatdıracaq.
Elbrus İsayev uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizdən geniş bəhs edərək bildirib ki, bu, müstəqillik tariximizin ən parlaq səhifəsidir. Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz və müzəffər xalq kimi tanıtdı.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayevin “İLHAM ƏLİYEV”-Azərbaycan xalqının arzularını reallaşdıran lider” adlı çıxışında qeyd edib ki, Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir. Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır. Bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi isə dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümü tamam olan cənab İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından oldu. Diqqətə çatdırılıb ki, xalqımıza böyük qürur bəxş edən son hadisələr Vətən Savaşında əldə olunan Zəfərdən sonra aparılan hərbi-siyasi proseslərin, yenə də məhz möhtərəm Prezidentimizin “Dəmir yumruğ”unun qəti qələbəsidir.
Universitetin Tarix-filologiya fakültəsinin Tarix ixtisası üzrə II kurs tələbəsi Əziz Vəliyevin “Prezident İlham Əliyevin gənclər siyasəti gələcəyə hesablanmış uğurlu siyasətin təcəssümüdür” mövzusunda çıxışı dinlənilib.
Tədbirin sonunda Bakı Media Mərkəzinin hazırladığı “İLHAM” adlı sənədli film nümayiş etdirilib.