Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Nikolo Makiavellinin “Hökmdar” əsəri müzakirə edilib

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Nikolo Makiavellinin “Hökmdar” əsəri müzakirə edilib

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən  italyan yazıçısı Nikolo Makiavellinin “Hökmdar”  əsərinin müzakirəsi keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Universitet Şəhərciyi Ərazi ilk təşkilatının sədri, “Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi Arzu Abdullayev “Hökmdar” əsərinin müəllifini şahidi olduğu tarixi hadisələrin geniş tədqiqatçısı kimi qiymətləndirib. Bildirilib ki, XV əsrdə qələmə alınan, 26 fəsildən ibarət olan əsər bütün dövrlərin və bütün xalqların siyasətçiləri üçün əsl dərs vəsaiti olub. Dərin ideya və fikirlərə görə dünya mədəniyyət xəzinəsinə daxil edilən əsərdə müəllif səxavət və qənaət, qəddarlıq və mərhəmət, məhəbbət və nifrət, habelə digər bu kimi anlayışları diqqətlə təhlil edib.

“Azərbaycan tarixi” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov qeyd edib ki, müvafiq sərəncam üzrə müzakirəsi keçirilən kitablar gənc nəslin dünyagörüşünün zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Vurğulanıb ki, “Hökmdar” əsəri İntibah dövrünün florensiyalı dövlət xadimi Nikolo Makiavellinin ən mühüm və ən mübahisəli əsəridir.

Tədbir iştirakçıların əsərlə bağlı müzakirəsi ilə davam edib.