
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Sədi Şirazinin “Gülüstan” əsərinin müzakirəsi keçirilib
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Oxunması zəruri olan kitablar” siyahısına salınmış Sədi Şirazinin “Gülüstan” əsərinin müzakirəsi keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Fariz Əhmədov “Oxunması zəruri olan kitablar”ın gənc nəslin tərbiyəsində mühüm rol oynadığından bəhs edib. Sədi Şirazinin həyat və yaradıcılığının maraqlı məqamlarını iştirakçıların diqqətinə çatdıran kitabxana direktoru əsərin bədii-estetik və fəlsəfi-etik fikir tarixində oynadığı mühüm roldan danışıb.
Daha sonra çıxış edən “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov “Gülüstan” əsərinin əhatə etdiyi mövzu dairəsi haqqında ətraflı bəhs edib. Məlum olub ki, Sədi Şirazi orta əsr şairləri içərisində əsərlərinin orijinallığı ilə, eyni zamanda farsdilli ədəbiyyat tarixində yenilikləri ilə seçilən bir sənətkardır. İman Cəfərli “Gülüstan” əsərində zərb-məsələyə çevrilmiş şeirlərdən səsləndirərək əsəri şairin dünya ədəbiyyat xəzinəsinə bəxş etdiyi bir inci kimi qiymətləndirib.
Tədbir iştirakçıların əsərdən hissələr səsləndirməsi və onun müzakirəsi ilə davam edib.