
Naxçıvan Dövlət Universiteti “Fizika müəllimiyi” və “Fizika” ixtisası üzrə II kurs tələbələrinin Batabat Astrofizika Rəsədxanasına ekskursiyası təşkil edilib
Ali təhsil ocağının “Fizika müəllimiyi” və “Fizika” ixtisası üzrə II kurs tələbələrinin AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasına ekskursiyası təşkil edilib. Ekskursiyada Rəsədxananın direktoru Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev tələbələrə rəsədxana haqda məlumat verib. Bildirilib ki, Batabat Astrofizika Rəsədxanası Naxçıvan şəhərindəki inzibati binadan, Batabat stansiyasından və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyasından ibarətdir. Məlumat verilib ki, Batabat ərazisindəki ikimərtəbəli yeni inzibati binada fotometriya və kompüter otaqları fəaliyyət göstərir.Vurğulanıb ki, rəsədxanada müşahidələr əsasən gecə saatlarında aparılır.
Rəsədxana ilə tanışlıq zamanı bildirilib ki, dəniz səviyyəsindən 2050 metr yüksəklikdə və 39 dərəcə coğrafi enlikdə yerləşən rəsədxana binasının günbəzində “SEYYS-600” tipli teleskop quraşdırılıb. Ekskursiya zamanı Qulu Həziyev teleskopun iş prinsipi, istifadə qaydaları haqqında tələbələrə ətraflı məlumat verib. Qeyd olunub ki, muxtar respublika ərazisinin astronomik şəraiti normal, səması təmiz və şəffaf olduğundan digər rəsədxanalardan fərqli olaraq bu stansiyada günəşdən başqa bütün göy cisimlərini və yaxın qalatikaları bu teleskop vasitəsilə müşahidə və tədqiq etmək eyni zamanda daha dəqiq işləmək mümkündür.
Ekskursiya zamanı diqqətə çatdırılıb ki, Batabat Astrofizika Rəsədxanasının “Fizika” ixtisası üzrə tələbələri hamiliyə götürməsi onların keçdikləri dərslərin təcrübi cəhətdən mənimsəməsi üçün əlverişli mühit formalaşdırır.
Tələbələr tərəfindən maraqla qarşılanan ekskursiyada suallar cavablandırılıb. Sonda xatirə şəkli çəkdirilib.