Konfrans

Konfrans

Konfrans haqqında

İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin səviyyəsi hər bir ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, onun intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və səmərəliliyin, həmçinin cəmiyyətin inkişafının əsas göstəricilərindən biri hesab olunur. İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Dövlətin iqtisadi və hərbi gücünün inkişafı zərurəti kosmik tədqiqatlar sahəsində fundamental elmi biliklərin genişləndirilməsini tələb edir. Kosmik fəzanın fəth edilməsi iqtisadiyyatın və milli təhlükəsizliyin səviyyəsini müəyyənləşdirən amillərdəndir. Aerokosmik fəzada yerləşdirilmiş cihazlar və komplekslər öyrənilən obyektlər haqqında genişmiqyaslı və keyfiyyətcə yeni olan məlumatları operativ şəkildə əldə etməyə, aerokosmik laboratoriyalar isə komponentlərin, dünya okeanının, planetlərin və digər xüsusi obyektlərin öyrənilməsinə geniş imkanlar yaradır.

Konfransın məqsədi

Konfransın məqsədi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”na, “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı”na, “Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya”ya və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiya”sına müvafiq olaraq kosmik fəzanın elmi cəhətdən

öyrənilməsi, bu sahədə aparılan fundamental və tətbiqi tədqiqatların koordinasiyası, elm və texnikanın bu sahələrində yüksək ixtisaslı mütəxəssislərin bir araya gətirilməsidir.

Konfransın istiqamətləri

1. Nəzəri fizika və astrofizika

2. Bərk cisimlər fizikası

3. Biofizika və molekulyar fizika

4. Yerin süni peyklər

5. Günəş fizikası

6. Günəş-Yer əlaqələri

7. Qalaktikalar və ulduz astronomiyası

8. Fizika və astronomiyanın tədrisi

Məqalələrin qəbul qaydaları

1. Məqalələr heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır.

2. Məqalələrin həcmi 10 səhifəyə qədər, xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır.

3. Məqalənin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıda və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1.15 intervalla, Azərbaycan, türk, ingilis və ya rus dillərində “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: elmitedbirlerndu@gmail.com

4. Təqdim olunan yazının əvvəlində məqalələrin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.

5. Məqalənin əvvəlində müəlliflə bağlı məlumatdan sonra, məqalənin yazıldığı dildə xülasə və açar sözlər verilməlidir.

6. Elmi araşdırmaların yazılma üsullarına uyğun, beynəlxalq standartlara cavab verən məqalələrdə giriş, ən azı iki yarımbaşlıq və nəticə olmalıdır.

7. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinadlar göstərildiyi yerdən sonra, mötərizə içərisində müəllifin soyadı, nəşrin ili və səhifə nömrəsi sıra ilə verilməlidir; məsələn: (Bünyadov 2007, 17-21).

Əgər bir müəllifin eyni ildə çap olunmuş iki və daha artıq əsəri varsa, belə olduğu halda (Bünyadov 2007(1),31-36) və ya (Bünyadov 2007(2), 42-55) kimi qeyd edilir.Məqalənin sonunda ədəbiyyat siyahısında soyad, ad və nəşr ili göstərildikdən sonra, mötərizə içərisində 1 və ya 2 rəqəmləri qeyd edilir;məsələn: (Bünyadov Ziya (2007/1), 31-36) və ya (Bünyadov Ziya (2007/2), 42-55).

8. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat bu formada yerləşdirilməlidir: müəllifin soyadı və adı; nəşr ili(il); kitab; məqalə; simpozium və digərlərinin tam adı (əgər varsa, tərcümə edənin adı və soyadı); nəşr edilən yer; nəşriyyatın adı. Məqalələrdə ən sonda səhifələr göstərilir. Ədəbiyyat siyahısı məqalənin sonunda verilməlidir.

9. Xülasə və açar sözlər məqalənin yazıldığı dildən başqa iki xarici dildə, ədəbiyyat siyahısından sonra yerləşdirilməlidir. Hər bir xülasədə məqalənin adı, müəllifin adı, soyadı və elmi dərəcəsi (olduğu təqdirdə) tam göstərməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələr məzmuna uyğun gəlməlidir.

10. Müəllif məqalənin keyfiyyətinə, göstərilən faktların düzgünlüyünə və digər məlumatlara görə cavabdehlik daşıyır.

Sonda konfrans materialları toplu halında nəşr olunacaqdır. Məqalələrin nəşri ödənişsizdir.

Məqalələrin göndərilməsi üçün son tarix: 22.10.2021

Qeyd: Məqalələrin sonunda mobil telefon nömrənizi qeyd edin.

Əlaqə nömrəsi: 544-08-61/1015