
Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
Ali təhsil ocağının Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb. Qeyd edilib ki, universitetdə 1996-cı ildən “Hüquqşünaslıq” ixtisası üzrə kadr hazırlığı həyata keçirilir. Bildirilib ki, muxtar respublikada hüquq-mühafizə orqanlarında çalışanların əksəriyyəti universiteti bu ixtisas üzrə bitirən məzunlardır. İndiyədək bu ixtisas üzrə 3127 tələbənin məzun olduğunu qeyd edən rektor diqqətə çatdırıb ki, hazırda universitetdə Hüquqşünaslıq ixtisası üzrə əyani, qiyabi, əlavə ali təhsil olmaqla, 514 tələbə təhsil alır. Magistratura səviyyəsində isə 4 ixtisaslaşma üzrə magistrant hazırlığı aparılır.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov təqdimatla çıxış edərək son dövrlərdə vəkilliyin inkişafı və Kollegiyanın fəaliyyəti barədə məlumat verib. Anar Bağırov Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Gənclər Fondunun birgə tərəfdaşlığı ilə “Vəkil olmaq istəyirəm” adlı 1 aylıq yay məktəbi haqda məlumat verib. Bildirilib ki, bu məktəbə 13 yerli və xarici universitetdən 300-dən artıq hüquqşünas tələbə müraciət edib. Kollegiyanın sədri diqqətə çatdırıb ki, hazırda Azərbaycanın müasir, müstəqil düşüncəli, dövlət siyasətinə sadiq, peşəkar, gənc hüquqşünaslara, kadrlara ehtiyacı var. Anar Bağırov muxtar respublikada da bu sahəyə xüsusi diqqət göstərilməsi məqsədilə keçirlən görüşün gələcək əməkdaşlıq üçün bir vasitə olacağını bildirib.
ELSA-nın Azərbaycan nümayəndəliyinin prezidenti Rəhim Abasov qeyd edib ki, Avropanın 44 ölkəsindən 350-dən çox şəhər və universiteti, həmçinin 60 mindən çox gənci sıralarında birləşdirən ELSA dünya üzrə hüquq təhsili alan gənclərin və tələbələrin ən böyük təşkilatıdır. Bu təşkilatın əsası 1981-ci ildə qoyulub. Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis olunub. Rəhim Abasov rektora ELSA Azərbaycan və hüquqşünas tələbələrin peşəkar inkişafında göstərdiyi dəstəyə görə təşəkkürnamə təqdim edib.
Tələbələrin sualları cavablandırılıb. Sonra ali təhsil ocağı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.
Qeyd edək ki, imzalanmış müqavilə tərəflər arasında əməkdaşlıq münasibətlərini tənzimləyir. Müqavilə hüquq fakültəsinin tələbələrini hüquq ixtisası üzrə təcrübəyə cəlb etmək, Hüquq fənləri kafedrasının professor-müəllim heyəti ilə yerli və beynəlxalq təcrübəsinin birlikdə öyrənilməsi, birgə yerli və beynəlxalq elmi konfransların, dəyirmi masaların, seminarların, təlim kurslarının, simulyasiyaların, mühazirələrin və görüşlərin keçirilməsi, Vəkillər Kollegiyasının əməkdaşlarının və vəkillərin NDU-da hüquqşünasların hazırlığı prosesində iştirak etməsini nəzərdə tutur. Birgə dərs vəsaitlərinin, elmi məqalələrin, çap materiallarının, monoqrafiyaların və nəşrlərin hazırlanması, NDU tələbələrinin könüllülər qismində Vəkillər Kollegiyasında işə cəlb edilməsi, Hüquq fakültəsinin təhsildə fərqlənən tələbələrinə təqaüdlərin müəyyən edilməsi və verilməsi memorandumda əksini tapan maddələr sırasında qeyd olunub.
Müqavilə imzalayan tərəflər bir-birinə hədiyyələr təqdim ediblər. Tədbirin sonunda Vəkillər Kollegiyası tərəfindən ali təhsil ocağının Elmi Kitabxanasına hüquq sahəsinə dair 30-ya yaxın kitab hədiyyə edilib.
Tədbirin II hissəsində Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi (Moot Court) mərhələsi baş tutub. Hüquqşünaslıq ixtisası üzrə tələbələrin iştirak etdiyi simulyasiyada cinayət hadisəsi səhnələşdirilib.
Sonda qalib komandaya mükafat və sertifikat təqdim edilib. Həmçinin, qalib komanda ELSA Azərbaycan tərəfindən həyata keçirilən Milli Məhkəmə müsabiqəsində iştiraka vəsiqə qazanıb.