Naxçıvan Dövlət Universiteti ilə dünyanın mühəndis hazırlayan ilk universiteti İstanbul Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Naxçıvan Dövlət Universitetində bu münasibətlə təşkil edilən görüşdə İstanbul Texnik Universitetinin rektoru, professor İsmayıl Koyuncu, universitetin prorektoru, professor Lütfiyə Durak Ata, Türk Musiqisi Dövlət Konservatoriyasının müdiri, professor Ali Tüfekçi iştirak ediblər. İkitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Ötən il İstanbul Texniki Universiteti ilə qarşılıqlı görüşlərdən  sonra bu günkü görüşün xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının beynəlxalq əlaqələrində Türkiyə Universitetlərinin xüsusi payı olduğunu diqqətə çatdırıb. Elbrus İsayev Türkiyə Universitetləri ilə texniki sahədə gələcək əməkdaşlıq məsələlərinin vacib məqamlarına toxunub. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının kadr potensialı, professor-müəllim heyətinin malik olduğu elmi baza, maddi-texniki imkanlar,  beynəlxalq əlaqələri, tərəfdaş olduğu xarici ölkə universitetləri haqda məlumat verib.

İstanbul Texnik Universitetinin rektoru, professor İsmayıl Koyuncu qeyd edib ki, 1773-cü ildə yaradılan və dünyanın mühəndis hazırlayan ilk universiteti kimi tarixə düşən  İstanbul Texnik Universiteti müasir təhsil sistemi, güclü akademik heyəti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələri arasında ön sıralarda dayanıb. Universitetin prorektoru, professor  Lütfiyə Durak Ata Türkiyənin bir çox zavod, fabrik və xüsusilə də İT şirkətlərinin yaradılmasında və idarə edilməsində ali təhsil ocağının mühəndislərinin əməyinin danılmaz olduğunu dilə gətirib. Vurğulanıb ki, İstanbul Texniki Universiteti geniş beynəlxalq əlaqələri sayəsində yalnız ölkə daxilində deyil, beynəlxalq mühitdə də qabaqcıl ola biləcək tələbələr yetişdirən bir dövlət ali məktəbidir. Bildirilib ki, hazırda İstanbul Texniki Universitetində 13 fakültə, fakültələr daxilində 39 bölmə və 6 institutu fəaliyyət göstərir.

Görüşdə Texnopark sahəsində əməkdaşlıq, birgə layihələrin icrası istiqamətində işlər müzakirə edilib. Texnopark sahəsində birgə fəaliyyəti həyata keçirmək, İTU-nun texnopark sahəsində təcrübəsindən yararlanmaq, birgə seminarlar keçirmək məsələləri müzakirə olunub. Süni intellekt texnologiyaları, kompüter, elektrik və elektronika mühəndisliyi üzrə ikili diplom  müzakirə edilən əsas məsələlərdən olub. Sonra hər iki universitet arasında birgə əməkdaşlığa dair protokol imzalanıb. Müqavilədə elmi rəqabətliliyin təmin ediməsi, tələbə, müəllim mübadiləsi, mədəniyyət, incəsənət və.s sahələrdə birgə fəaliyyət, tələbə təqaüdü proqramları, elmi əməkdaşlıqda magistr və doktorantura proqramları, elmi tədqiqat sahələrində birgə araşdırmalar, tədqiqatlar aparmaq əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Hər iki universitet rektorlarının iştirakı ilə birgə protokol imzalanıb. Xatirə şəkli çəkdirilib.