Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Sahibkarlar Konfederasiyası və Cahan Holdinq arasında əməkdaşlıq memorandumu imzalanıb

Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Sahibkarlar Konfederasiyası və Cahan Holdinq arasında əməkdaşlıq memorandumu imzalanıb

Universitet-sənaye əməkdaşlığının inkişafına dair məsələlər hər iki tərəf arasında əməkdaşlıq memorandumu ilə öz təsdiqini tapıb. Bu məqsədlə keçirilən görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb, belə görüşlərin gələcəkdə hər iki tərəf üçün verəcəyi perspektivləri qeyd edib, dünya təcrübəsində bu cür işbirliyinin nə dərəcədə vacib rol oynadığını vurğulayıb. Rektor diqqətə çatdırıb ki, ali təhsil müəssisəsinin  reytinq sıralamasında, nüfuzlu universitetlər sırasında yer almasında, qiymətləndirilməsində bu cür əməkdaşlıqların xüsusi əhəmiyyəti vardır.

Elbrus İsayev şirkətlə uzun illərdir aparılan əməkdaşlıq əlaqələrindən danışıb. Vurğulanıb ki, işgüzar münasibətlər rəsmiləşdirilməli, müvafiq qanunlar çərçivəsində həyata keçirilməlidir.

“Cahan” Holdinqin təsisçisi, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov belə görüşlərin davamlı keçirilməsinin əhəmiyyətli məqamlarına toxunub, əmək bazarında universitetlər və müəssisələr arasındakı münasibətlərdə davam edən dəyişikliklərin bütövlükdə cəmiyyətdə aparılan  islahatların ayrılmaz hissəsinə çevrildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, dövlət orqanları, qeyri-hökumət təşkilatları, müvafiq idarə, müəssisələri universitetlərimizə dəstək olmalı, qarşılıqlı əməkdaşlıqlar rəsmi qaydalara uyğun aparılmalıdır. Vüqar Abbasov birgə fəaliyyət planının hazırlanması barədə təkliflərini diqqətə çatdırıb.

Görüşdə təhsil və sənaye sahələrində daha böyük nailiyyətlər əldə etmək məqsədilə müxtəlif layihələr və proqramlar, universitetdə yaradılacaq Texnoparkda “Cahan Holdinq” ilə iş birliyi çərçivəsində tədqiqat və innovasiyaların inkşafına nail olmaq məqsədilə sənaye təcrübəsi və universitetin akademik potensialının birləşdirilməsi də nəzərdə tutulub.

Naxçıvan Sahibkarlar Konfederasiyası və Cahan Holdinqin nümayəndələrinin əməkdaşlıq barədə təklifləri dinlənilib.

Sonra ikitərəfli əməkdaşlığın perspektivləri nəzərə alınmaqla Naxçıvan Dövlət Universitetinin innovativ inkişafını dəstəkləyən qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb.

        Qeyd edək ki, bu əməkdaşlıq akkreditasiya qaydalarına uyğun olaraq nəticələrə  əsaslanan universitet-sənaye əməkdaşlığının yaradılmasına  dəstək, tədqiqat, təlim, innovasiya, texnoloji inkişaf və potensialın gücləndirilməsi vasitəsilə ali təhsil üzrə kadr hazırlığı səviyyəsini artırmaq və təkmilləşdirmək, regionların dayanıqlı inkişafına dəstək məqsədilə müxtəlif əməkdaşlıq təşəbbüslərinin yaradılması üçün mexanizm yaratmaq və vasitələrlə təmin etmək məqsədilə yaradılıb.  Müqavilədə universitetin tədqiqat mərkəzləri və inkubasiya proqramları vasitəsilə sənaye sahələrində mövcud imkanlardan yararlanaraq startap və spin-off layihələr hazırlanmasını təşviq etməklə ortaq tədqiqatların aparılmasını dəstəkləmək, müvafiq ixtisasların maddi texniki bazasının təkmilləşdirilməsinə yönəlmiş fəaliyyətlər icra etmək və tələbələrin motivasiyası və təhsildə nailiyyətlərinin dəstəklənməsi üçün stimullaşdırıcı tədbirlər görmək məsələləri öz əksini tapıb. Eyni zamanda əməkdaşlıq memorandumu gənc tədqiqatçıların və tələbələrin sənaye profesionalları və ixtisaslı mütəxəssislərlə əlaqə yaratmasına, elmi nailiyyətlərin sənayedə tətbiqinə dair təcrübə qazanmalarına nail olmaq üçün mentorluq proqramı və təcrübə proqramlarını dəstəkləmək məqsədlərini də əhatə edib.

          Elbrus İsayev universitet adından Təşəkkürnamə və hədiyyəni Vüqar Abbasova təqdim edib.

Leave a Reply

Your email address will not be published.