Naxçıvan Dövlət Universiteti ilə Polşanın Frederik Şopen Musiqi Universiteti (Uniwersytet Muzyczny Fryderyka Chopina) təcrübələrini paylaşacaq

Naxçıvan Dövlət Universiteti ilə Polşanın Frederik Şopen Musiqi Universiteti (Uniwersytet Muzyczny Fryderyka Chopina) təcrübələrini paylaşacaq

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili məqsədilə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və rektor müşaviri Rəcəb Cəfərli Polşaya işgüzar səfər ediblər. Səfər zamanı Polşanın Frederik Şopen Musiqi Universitetinin rektoru, professor Klaudiusz Baran ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşdə iki universitetin musiqi sahəsində təcrübələrini paylaşmağa, müəllim və tələbə mübadiləsi proqramlarını təşkil etməyə və müstəqil tədqiqat layihələrində birgə işləməyə nail olmaq üçün potensial əməkdaşlıq sahələri müzakirə olunub. İki universitet arasında mübadilə proqramları təşkil edilərək tələbələrə müxtəlif təhsil mühitlərində təcrübə qazanmağa imkan yaradılması, musiqi sahəsində iki tərəfin təcrübə və biliklərini birləşdirərək daha geniş perspektivlərə nail olunması, NDU-nun İncəsənət Fakültəsi ilə Frederik Şopen Musiqi Universiteti tədqiqatçıları arasında birgə tədqiqat layihələri təşkil edərək musiqi elminin inkişafına səy göstərilməsi, hər iki universitet arasında müşahidə və müqayisə üçün elmi seminarlar və konfranslar təşkil edilərək musiqi sahəsində ən son inkişafların müzakirə edilməsi kimi məsələlər görüşün əsas məğzini təşkil edib.

İlkin razılığa əsasən bu tədris ilinin ikinci yarısından etibarən Frederik Şopen Musiqi Universitetindən professorlar NDU-nun İncəsənət fakültəsinə, NDU İncəsənət fakültəsinin Xalq çalğı alətləri ixtisası üzrə müəllim heyəti isə Frederik Şopen Musiqi Universitetinin Dünya musiqisi departamentinə tədris üçün dəvət olunacaqlar.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsi ilə Frederik Şopen Musiqi Universiteti arasında planlaşdırılan bu əməkdaşlıq, musiqi təhsilinin keyfiyyətini yüksəltməyə və tələbələrə daha geniş təcrübə imkanları təqdim etməyə nail olacaq. Bu əməkdaşlıq, musiqi mədəniyyətinin birləşdirilməsinə və beynəlxalq əlaqələrin gücləndirilməsinə dəstək olmağı qarşıya məqsəd qoyub.

Leave a Reply

Your email address will not be published.