Naxçıvan Dövlət Universiteti ilə Türkiyə ali təhsil müəssisələri arasında əlaqələr daha da güclənir

Naxçıvan Dövlət Universiteti ilə Türkiyə ali təhsil müəssisələri arasında əlaqələr daha da güclənir

Türkiyə Respublikası Xaricdəki Türklər və Qohum İcmaları İdarəsinin Beynəlxalq Dairə Başkanlığı koordinatoru Engin Vural və Mədəniyyət, Sosial İşlər Dairə Başkanlığı koordinatoru Sevilay Yıldırım Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olublar.

Universitetin maddi-texniki bazası, mövcud fakültələri haqda məlumatlandırılan qonaqlar ali təhsil ocağının “Memarlıq və mühəndislik” fakültəsində “Dəmiryolu nəqliyyatının avtomatlaşdırılması laboratoriyası”nda olub, Konservatoriyada onlar üçün təşkil edilən konsert proqramını izləyiblər. Tibb fakültəsində olan qonaqlara məlumat verilib ki, 2019-cu ildə yenidən qurularaq istifadəyə verilən fakültə yüksək maddi-texniki baza ilə zənginləşdirilib. Tələbələrin bu ixtisas üzrə həm nəzəri, həm də  təcrübi dərslərin keçirilməsi üçün burada hər cür şərait mövcuddur. Yaradılan şəraitin nəticəsidir ki, bu il fakültəyə qəbul olan 336 xarici tələbədən 260-ı Türkiyə Respublikasındandır.

İkitərəfli görüşdə universitetin rektoru Elbrus İsayev qonaqları salamlayaraq ali təhsil ocağının fəaliyyəti, buradakı mövcud təhsil və tədris prosesi, elmi fəaliyyəti haqqında məlumat verib. Universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri  və beynəlxalq əlaqələri haqqında danışan rektor təhsil sahəsində həyata keçirilən layihələrdən, ali təhsilin strateji istiqamətlərindən, dövlət proqramlarından məlumat verib. Bildirilib ki, rəhbərlik etdiyi ali təhsil ocağının qardaş ölkənin 20-yə yaxın aparıcı ali təhsil müəssisələri  ilə əməkdaşlıq əlaqələri var.

Türkiyə Respublikası Xaricdəki Türklər və Qohum İcmaları İdarəsinin Beynəlxalq Dairə Başkanlığı koordinatoru Engin Vural ali təhsil ocağında xoş qarşılanmaya görə minnətdarlıq edib. Kordinatoru olduğu qurumun həyata keçirdiyi “Türkiyə Təqaüdləri” proqramı haqqında məlumat verən qonaq qeyd edib ki, Türkiyə təqaüd proqramı tələbə və tədqiqatçılara Türkiyənin ən prestijli universitetlərində təqaüd təhsili və tədqiqat imkanı verən hərtərəfli və dövlət tərəfindən dəstəklənən rəqabətli bir təqaüd proqramıdır. Bildirilib ki, proqrama bakalavr, magistr, doktorantura və tədqiqat  proqramları üzrə hər bir şəxs internet üzərindən onlayn olaraq müraciət edə bilər. Müraciətlər Türk, Ərəb, İngilis, Fransız, Rus, Fars, İspan və Bosniya dili olmaq üzrə 8 dildə edilə bilər.

Xaricdəki Türklər və Qohum İcmaları İdarəsinin Mədəniyyət, Sosial İşlər Dairə Başkanlığı koordinatoru Sevilay Yıldırım vurğulayıb ki, təqaüd proqramları ölkələrarası işbirliyini və cəmiyyətlər arasındakı ortaq anlayışı gücləndirmək məqsədini qarşısına qoymuş gələcəyin liderlərini yetişdirməkdir. Bu proqramlar ali təhsilin hər səviyyəsində ixtisaslı beynəlxalq səviyyədə tələbə hazırlamaq deyil, həmçinin bu tələbələrin universitetə hazırlanma və yerləşdirmə proseslərini də əhatə edir. Diqqətə çatdırılıb ki, dünya miqyasında bu təqaüd proqramlarından faydalanan 100-ə yaxın ölkədən 150 mindən çox məzun olub.

Sonda bu səfərin gələcəkdə həm tələbə, professor-müəllim heyəti, həm də bütövlükdə, hər iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığa yeni təkan verəcəyi diqqətə çatdırılıb.