
Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Çankırı Karatekin Universiteti arasında ikili diplom layihəsinin icrasına başlanılıb
Naxçıvan Dövlət Universitetinin rektoru və bir qrup əməkdaşı bu münasibətlə Çankırı Karatekin Universitetində olubar. Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçi qonaqları salamlayaraq onları burda qarşılamaqdan məmnunluq hisslərini ifadə edib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Çankırı Karatekin Universitetinə yeni rektor təyin olunmağı münasibətilə Harun Çiftçini təbrik edib ona uğurlar arzulayıb. Rektor bildirib ki, Naxçıvan Dövlət Universiteti ilə qardaş ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq universitetin beynəlxalq əlaqələrinin aparıcı hissəsini təşkil edir. Belə ki, hal-hazırda Naxçıvan Dövlət Universiteti və Türkiyənin 80-ə yaxın universiteti arasında tələbə və müəllim mobilliyi sahəsində əməkdaşlıq müqavilələri imzalanıb. Rektor Çankırı Karatekin Universiteti ilə əlaqələrin 2017-ci ildən başlandığını qeyd edib. Bildirilib ki, ali təhsil ocağında artıq ingilis dilində tədrisi həyata keçirilən “İqtisadiyyat” ixtisası üzrə kadr potensialı formalaşıb. Vurğulanıb ki, artıq bu ixtisasda dərs deyən müəllimlər və tələbələr bir sıra qabaqcıl Avropa və Amerika Universitetlərinin professor heyətinin rəhbərliyi ilə təlimə cəlb edilib. Elbrus İsayev Türkiyə Universitetləri ilə həyata keçiriləcək ikili diploma layihələrinin hər iki ölkə üçün mühüm əhəmiyyətini vurğulayıb və gələcək perspektivlərini önə çəkib. Bildirilib ki, hər iki ali təhsil ocağı arasında imzalanan protokol Ali Təhsil Şurasının təsdiqindən sonra növbəti akademik ildən başlayaraq 5 il müddətində etibarlıdır.
İmzalanmış protokola görə tərəflərin qarşıya qoyduqları öhdəliklər müzakirə edilib, universitetlərarası əməkdaşlıq sahələri haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihənin şərtlərinə görə ortaq proqram üçün universitetlər ilk növbədə təhsil almağa göndəriləcək tələbə sayını müəyyənləşdirib, eyni zamanda ortaq proqram çərçivəsində təqaüd alacaq tələbə kontingentinin müəyyənləşməsi üçün tələb olunan şərtlər dəqiqləşdirib və qiymətləndirmə sistemi də uyğunlaşdırıb. Ortaq Proqramın məzunu olmuş tələbə universitetlər tərəfindən müəyyənləşdirilən bütün şərtləri yerinə yetirməlidir.