Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında “Nanobiotexnologiya və Sağlamlıq tətbiqləri” mövzusunda vebinar təlim keçirilib
Vebinarda çıxış edən Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov iki ali təhsil ocağı arasındakı beynəlxalq əməkdaşlıqdan söz açıb. Diqqətə çatdırılıb ki, ötən il universitetin bir qrup heyətinin qardaş Türkiyəyə səfəri çərçivəsində Yıldız Texnik Universiteti ilə təhsil sahəsində bir sıra müqavilələr imzalanıb. Prorektor iki universitet arasında mütəmadi olaraq müxtəlif sahələr üzrə onlayn görüşlərin keçirildiyini vurğulayaraq, bu kimi tədbirlərin qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından önəmini qeyd edib.
Tibb fakültəsinin dekanı Elsevər Əsədov qonaq haqqında məlumat verərək qeyd edib ki, Yıldız Texnik Universiteti Kimya-Metallurgiya Fakültəsi, Biomühəndislik Bölməsinin professoru Serap Acar Dermanın əsas fəaliyyət istiqaməti nanomateriallar, biomateriallar, sintetik peptid kimyası, nəzarət edilən dərman buraxılışı, dərman daşıma sistemləri və sisteik peptid vaksinləri və hədəflənmiş dərmandır. Diqqətə çatdırılıb ki, onun apardığı elmi araşdırmalardan beynəlxalq jurnallarda 667 dəfədən çox istinad edilən 35-dən çox məqaləsi dərc olunub. Bildirilib ki, professor 5 icmal məqaləsi, 1 kitab bölməsi, 5 patent müraciəti, 50-dən çox milli və beynəlxalq konfrans məqaləsinin müəllifidir.
Sonra nanotexnologiya və biotexnologiya haqqında məluamt verən professor Serap Acar Derman nanotexnologiyanın tarixi inkişafı, biotexnologiya nədir, nanobiotexnologiyanın üstünlükləri, bəzi tətbiq sahələri barədə danışıb. Professor nanohissəcik nədir, nanohissəciklərin istehsal üsulları, növləri, polimer nanohissəciklər, onların üstünlükləri, nanoçökmə üsulu, metal nanohissəciklərin sintezində bitkilər, bitkilərdə nanohissəciklərin sintezi və digər məsələləri slayd vasitəsilə ətraflı şəkildə izah edib. Serap Derman həmçinin həyata keçirilən layihələr və görülən işlər barədə tədbir iştirakçılarını məluamatlandırıb.
Sonda Naxçıvan Dövlət Universiteti və Yıldız Texnik Universiteti arasındakı əməkdaşlıq çərçivəsində keçirilən “Nanobiotexnologiya və sağlamlıq tətbiqləri” adlı vebinar təlim keçdiyinə görə Serap Acar Dərmana universitetin təşəkkürnaməsi onlayn formada təqdim olunub.