Naxçıvan Dövlət Universiteti ilə  ümumtəhsil məktəbləri arasında interaktiv görüş keçirilib

Naxçıvan Dövlət Universiteti ilə  ümumtəhsil məktəbləri arasında interaktiv görüş keçirilib

Muxtar respublikanın 100-ə yaxın orta məktəbləri arasında keçirilən onlayn görüş zamanı Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev şagirdləri salamlayıb, universitetin maddi-texniki bazası, müasir tədris üsulları haqda məlumat verib. Bildirilib ki, klassik universitet modelinə malik Naxçıvan Dövlət Universitetində 8000-ə yaxın tələbə təhsil alır. Rektor ali təhsil ocağında müasir dövrün tələblərinə uyğun və bu il ilk dəfə tələbə qəbulu aparılan Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi ixtisaslarının üstünlüklərindən danışıb. Rektor bildirib ki, yeni yaradılan ixtisasların fəaliyyəti onu deməyə əsas verir ki, bu ixtisasları bitirən tələbələrin gələcəkdə Texnoparkda fəaliyyət göstərmələri üçün əsaslı zəmin yaranacaq.

Universitetdə ingilis dilli İqtisadiyyat ixtisasının uğurla fəaliyyəti haqda məlumat verən Elbrus İsayev diqqətə çatdırıb ki, bu il ali təhsil ocağında ingilis dilində Beynəlxalq münasibətlər ixtisası üzrə tələbə qəbulu aparılacaq. Rektor ali təhsil ocağının beynəlxalq aləmdə qazandığı uğurları da nəzərə çatdırıb. Bildirilib ki, rəhbərlik etdiyi ali təhsil ocağı nəinki Azərbaycanda hətta dünya universitetlərinin reytinq sıralamasında öz layiqli yerini tutmaqdadır. Belə ki, yaxın günlərdə Yaponiyanın Naqoya şəhərində olan NDU nümayəndə heyəti nüfuzlu universitetlərin sammitində uğurla təmsil olunub. Rektor vurğulayıb ki, ali təhsil ocağı növbəti tədris ilindən etibarən Yaponiyanın qabaqcıl ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlığa başlayacaq. Belə ki, NDU-da oxuyan tələbələrin mobilliyi təmin olunacaq və onlar Yaponiya universitetlərində müəyyən zaman üzrə təhsillərini davam etdirəcək.

Rektor universitetdə yeni yaradılan IELTS qeydiyyat və imtahan mərkəzinin fəaliyyətə başlamasını Azərbaycan ali təhsil məkanında bir ilk olaraq dəyərləndirib. Vurğulanıb ki, bir neçə aydır ki, öz işini uğurla davam etdirən  mərkəzdə artıq ilk imtahan keçirilib və uğurla yekunlaşıb.

Elbrus İsayev univesitetdə İqtisadiyyat, Kompüter mühəndisliyi, Tarix, Coğrafiya ixtisasları üzrə ikili diplom proqramlarının fəaliyyətindən danışıb. Qeyd edilib ki, bu proqramlar üzrə təhsil alan tələbələr həm NDU həm də xarici ölkələrə bağlanılan müqavilələrə əsasən həmin universitetin diplomunu əldə etmə imkanına malik olurlar.

Rektor tələbələrin dərsdən kənar məşğuliyyətlərinin, dünyagörüşlərinin, sosial bacarıqlarının qiymətləndirilməsi məqsədilə ali təhsil ocağında tələbə təşkilatlarının bu sahədə aktiv bacarıqlarını qiymətləndirib. Qeyd edilib ki, tələbələr həmçinin bu məqsədlə müxtəlif könüllülük proqramlarına qoşulur, öz bacarıqlarını daha da zənginləşdirirlər. Elbrus İsayev şagirdlərə dərslərində uğurlar arzulayıb.

Sonda universitetin tanıtım çarxı nümayiş olunub.

Leave a Reply

Your email address will not be published.