
Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində hesabat konsertləri davam edir
Ali təhsil ocağının “İncəsənət” fakültəsində “Musiqi təlimi” kafedrasının hesabat konserti keçirilib. Kafedranın müdiri, dosent İsmayıl Mürsəlov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, 1999-cu ildən fəaliyyət göstərən kafedrada hal-hazırda 16 müəllim tələbələrin təlim- tərbiyəsi ilə məşğul olur. Vurğulanıb ki. bunlardan 1 nəfər Azərbaycan Respublikasının Əməkdar artisti, 2 nəfəri Pedaqogika üzrə fəlsəfə doktoru, 1 nəfəri Sənətşünaslıq üzrə fəlsəfə doktoru, 1 nəfər dosent, 12 nəfəri isə baş müəllim vəzifəsində çalışır. Vurğulanıb ki, kafedranın vəzifəsi ali təhsil ocaqlarına musiqi müəllimi yetişdirməkdir. Belə ki, fakültənin məzunları hal- hazırda muxtar respublikanın müxtəlif ümumtəhsil məktəblərində fəaliyyət göstərirlər.
“Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Sevinc Şərifovanın “Musiqi fənnini tədris edən müəllimin fəaliyyətinin ümumi məsələləri” mövzusunda çıxışı dinlənilib.
Konsertdə “Musiqi təlimi” kafedrasının müəllim və tələbələrinin ifaları səsləndirilib. Beləki, kafedranın müəllimləri – Rüfəd Əhmədov, İradə Vəliyeva, Samirə Səfərova, Sevda Cəfərova, Afaq Zamanova, İlhamə İsgəndərova və başqaları tələbələri ilə birgə çıxış ediblər. Konsertdə yerli bəstəkarlardan Cahangir Cahangirovun “Ay qız”, Səid Rüstəmovun “Qaytağı”, Fikrət Əmirovun “Vals”, Emin Sabitoğlunun “Azərbaycan”, Tofiq Quliyevin “Gəzinti”, Ramiz Mirişlinin “Bir xumar baxışlı”, Azərbaycan xalq rəqsi “Dilican” və xarici ölkə bəstəkarlarının musiqiləri səsləndirilib. Azərbaycan xalq mahnılarından “Aman ovçu”, Qubanın ağ alması” mahnıları ifa edilib. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi professor Səidə Məmmədovanın bəstəsi olduğu “Naxçıvanım” mahnısı hər kəs tərəfindən maraqla dinlənilib.
Universitetin rektoru Elbrus İsayev proqramın zənginliyini diqqətə çəkərək tələbə və müəllimlərin işini yüksək qiymətləndirib, hesabat konsertini qənaətbəxş hesab edib. Konsertdə I kurs tələbələrinin üstünlük təşkil etməsini təqdirəlayiq hal kimi qiymətləndirən rektor tədbirdə əməyi olan hər kəsi təbrik edib və uğurlar arzulayıb.