Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində “Tələbə bəstəkarların konserti” keçirilib

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində “Tələbə bəstəkarların konserti” keçirilib

Tədbiri giriş sözü ilə açan Musiqi nəzəriyyəsi və tarixi kafedrasının müdiri, sənətşünaslıq elmləri doktoru İnara Məhərrəmova tələbələrin hazırladıqları konsert barədə məlumat verib. Bildirilib ki, bəstəkarlıq bacarığı olan tələbələr ixtisasları üzrə həm nəzəri, həm də praktiki cəhətdən ixtisaslaşırlar.

Azərbaycan bəstəkarlıq məktəbi mövzusunda məruzə ilə çıxış edən İncəsənət fakültəsi  II kurs tələbəsi Fatma Heydərova Azərbaycanda inkişaf edən Bəstəkarlıq sənətindən danışaraq qeyd edib ki,  milli musiqi sənəti çoxəsrlik tarixə malikdir. Azərbaycanın görkəmli bəstəkarları təkcə ölkəmizdə deyil, həm də xarici ölkələrdə uğurlar qazanır. Diqqətə çatdırılıb ki, Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyətinin yeni inkişaf mərhələsinə təkan verən, milli musiqi ənənələrini avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirən bəstəkar kimi yadda qalıb. Müsəlman dünyasında ilk operanın müəllifi olan Üzeyir Hacıbəyovun ənənələrini davam etdirən görkəmli sənətkarların hər biri özünəməxsus  musiqi üslubu yaradıb, milli bəstəkarlıq məktəbinin sonrakı inkişafına böyük təkan veriblər.

Tədbirin bədii hissəsi konsert proqramı ilə davam edib. Konsertdə tələbə bəstəkarların repertuarından  “Prelüd və vals”,  “Dekabr”, “Prelüd və kiçik pyes”, “Mövzu ilə variasiyalar”, “Xəyal”, “Sevgi nəğməsi”, “Səyavuş” və digər ifalar səsləndirilib.

Daha sonra, dahi bəstəkar Üzeyir Hacıbəyovun həyat və yaradıcılığına həsr olunmuş videoçarx izlənilib.

Tədbirin sonunda çıxış edən universitetin rektoru Elbrus İsayev bildirib ki, ali təhsil ocağında “Tələbə bəstəkarların konserti”nin nümayişi bir ilkdir və təqdirəlayiq haldır. Vurğulanıb ki, tələbələrin öz bəstələrini ərsəyə gətirib, ifa etmələri universitetin tədris imkanlarının yüksək olmasından xəbər verir. Son zamanlar muxtar respublikada inkişaf edən musiqi yaradıcılığından danışan rektor, bu inkişafın tələbələrin ixtisaslaşmasına şərait yaratdığını və tələbə əsərlərinin milli musiqi sənətinin inkişafına öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Elbrus İsayev gənc bəstəkarları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Leave a Reply

Your email address will not be published.