Naxçıvan Dövlət Universiteti “İngilis dili və tərcümə kafedrası” nda atalar sözlərinin ingilis dilində qarşılıqları müzakirə edilib

Naxçıvan Dövlət Universiteti “İngilis dili və tərcümə kafedrası” nda atalar sözlərinin ingilis dilində qarşılıqları müzakirə edilib

Naxçıvan Dövlət Universiteti “İngilis dili və tərcümə” kafedrasında “Oxunması zəruri olan kitablar” silsiləsindən olan Azərbaycan xalq ədəbiyyatı nümunələrindən olan Atalar sözləri müzakirə edilib. Tədbiri giriş sözü ilə açan universitetin “İngilis dili və tərcümə” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent  İlhamə Məmmədova atalar sözlərini ictimai həyatımızdakı rolundan bəhs edib. Ana dilimizdə olan atalar sözlərinin ingilis dili ilə müqayisə və düzgün tərcüməsinin önəmindən söz açıb.

Kafedranın filologiya üzrə fəlsəfə doktoru, dosent Elnaz Əliyeva  Tədris prosesində atalar sözü və məsələlərdən istifadə yolları haqqında məlumat verib. Qeyd edilib ki, Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim və zəngin növlərindən biri də atalar sözləri və məsəllərdir. Xalq müdrikliyinin, xalq zəkasının, xalqın həyat təcrübəsinin bədii ifadəsi olan atalar sözlərinin tərcüməsinə daim diqqət yetirilməli olduğu vurğulanıb.

“Atalar sözlərində ziddiyyətlər” mövzusunda kafedranın müəllimi Tehranə Xudaverdiyeva gündəlik həyatda istifadə edilən,  amma ziddiyyətli olan atalar sözlərinin yaranma şəraiti haqda çıxış edib. İngilis dilinin tədrisində atalar sözlərindən istifadə və tərcümə prosesində qarşıya çıxan problemlər müzakirə edilib.

Sonra “Mədəniyyətimizin bir parçası olan Azərbaycan atalar sözlərinin ingilis dilində qarşılıqlarını bilirikmi” adlı bilik yarışması keçirilib.  Müsabiqədə tələbələrin iştiraki ilə atalar sözlərinin qarşılıqları axtarılıb.

“Verilmiş kateqoriyalar üzrə ən azı 5 atalar sözü “ müsabiqəsi keçirilib. Vətən, elm, təhsil və müxtəlif kateqoriyalar üzrə keçirilən müsabiqədə tələbələr fəal iştirak edib. İngilis dili və tərcümə ixtisası üzrə IV  kurs tələbəsi Ümid Əhmədov müsabiqədə daha fəal iştirakı ilə seçildiyi üçün kitabla təltif olunub.