Naxçıvan Dövlət Universiteti “İnnovativ Stomatologiyada müalicə Protokolları” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edib

Naxçıvan Dövlət Universiteti “İnnovativ Stomatologiyada müalicə Protokolları” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edib

“İnnovativ Stomatologiyada müalicə Protokolları” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransdan əvvəl qonaqlar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Azərbaycan İmplantoloq İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan konfransda giriş nitqi ilə çıxış edən universitetin rektoru Elbrus İsayev iştirakçıları salamlayaraq diqqətə çatdırıb ki, ali təhsil müəssisəsində bu cür beynəlxalq konfransların keçirilməsi, müxtəlif dərnək və qurumlarla görüşlərin təşkil olunması ənənəsi peşəkar kadr hazırlığına xidmət edən mühüm amillərdən biridir. Rektor ali təhsil müəssisəsində stomatologiya sahəsində tədrisin yüksək səviyyədə təşkili, təcrübi vərdişlərə yiyələnmək məqsədilə yaradılan “Stomatoloji simulyasiya kabinəsi”, universitet xəstəxanasında istifadəyə verilən stomatoloji kabinələr haqqında iştirakçıları məlumatlandırıb. Ölkəmizdə ilk dəfə Naxçıvan Dövlət Universitetində baş tutan I Beynəlxalq Tibbi Forum çərçivəsində ali təhsil ocağının genişlənən əlaqələrinə toxunan Elbrus İsayev Türkiyənin beynəlxalq arenada öz sözünü deyən universitetləri ilə qarşılıqlı əməkdaşlıq münasibətlərindən söz açıb. Bildirilib ki, tələbələr qardaş ölkənin müxtəlif profilli universitetlərində təcrübə prosesini davam etdirir, stomatoloq həkimlər və tələbələr mütəmadi olaraq müxtəlif respublika və beynəlxalq miqyaslı konfranslarda, simpoziumlarda, layihələrdə iştirak edirlər.

Rektor muxtar respublikada stomatologiyanın inkişafında Azərbaycan İmplantoloq İctimai Birliyinin xüsusi rolu olduğunu nəzərə çatdıraraq, konfransın işinə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafından və Naxçıvan Dövlət Universitetinin bu sahədə peşəkar kadr hazırlığından bəhs edən Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov çıxışı zamanı davamlı tibbi təhsilin önəmini vurğulayıb. Diqqətə çatdırılıb ki, xüsusilə son dövrlər muxtar respublika səhiyyəsində kadr və texniki cəhətdən inkişaf nəzərə çarpacaq dərəcədədir. Cabbar Həsənov keçirilən konfransın önəmini diqqətə çəkərək, təşkilatçılığa görə minnətdarlığını bildirib, bu cür görüşlərin davam edəcəyinə əminlik ifadə edib.

Sonra Türkiyənin Sakarya Universitetinin Stomatologiya fakültəsinin tibb üzrə fəlsəfə doktorları Fatma Furuncuoğlu və Halit Furuncuoğlunun “Klinik təcrübədə endodontik protokollar”, “Endodontik müalicəli dişlərdə müasir restavrasiyalar”, “Təməl implant cərrahiyyəsində protokollar”, “Apikal rezeksiyalar”, Beynəlxalq İmplandentlər Təşkilatının üzvü, İmplandent Klinikasının həkim-stomatoloqu, tibb üzrə fəlsəfə doktoru Hikmət Baxışovun “Qeyri-cərrahi parodontal müalicə yanaşması: Doğru diaqnostika”, Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənovun “Atrofiyalaşmış çənələrdə implantasiya-All-on-4-cərrahiyyəsi”, Azərbaycan Tibb Universitetinin tibb üzrə fəlsəfə doktoru Elçin Abbasovun “Atrofiyalaşmış çənələrdə implantasiya-All-on-4-protezləmə” və Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisası üzrə təhsil alan V kurs tələbəsi Pouya Mojtahedinin “BMP-2-nin implantların osteo inteqrasiyasına təsiri və onun effektini artıran tədbirlər” mövzusunda məruzələri dinlənilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, universitetin İncəsənət fakültəsinin sərgi salonunda konfransın sponsoru “Caspident” şirkətinin məhsulları nümayiş olunub. 1995-ci ildən fəaliyyət göstərən “Caspident MMC” stomatoloji avadanlıq, məhsul və alətlərin satışını həyata keçirir. “Caspident” həmçinin “Caspident Academy” adı altında yerli və xarici konfrans, seminar və kursların təşkilini həyata keçirərək, stomatoloji sahədə yeniliklərin stomatoloqlara daha əlçatan olması üçün daim təşəbbüs göstərir.

Leave a Reply

Your email address will not be published.