Naxçıvan Dövlət Universiteti Konservatoriyası və Naxçıvan Musiqi Kollecinin Simfonik Orkestrinin “Zəfər günü” nə həsr etdiyi ilk konsert proqramı uğurla nümayiş olunub

Naxçıvan Dövlət Universiteti Konservatoriyası və Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin iştirakı ilə ilk dəfə Naxçıvan şəhər Heydər Əliyev Sarayında Simfonik Orkestrinin “Zəfər günü” nə həsr olunmuş vətənpərvərlik mahnılarından ibarət konsert proqramı təşkil edilib. Simfonik Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Dövlət Universitetinin “Zəfər günü” nə həsr etdiyi flaşmob yüksək tamaşaçı rəğbətini qazanıb. 1300-ə yaxın tələbənin iştirak etdiyi flaşmobda ali təhsil ocağının ərazisində “8 Noyabr Zəfər günü”, “44 gün” yazıları və ölkəmizin xəritəsi təsvir edilib. Tədbirin aparıcısı universitetin “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi Rumiyyə Məmmədovanın təqdimatında ötən ilin bu gününə nəzər salınıb.

Tədbirdə giriş sözüylə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharəti, siyasi səriştəsi, ordumuzun döyüş əzmi, qüdrəti və xalqımızın sarsılmaz iradəsi sayəsində qazandığımız qələbədən bir il ötür. Rektor əsası Ulu Öndər tərəfindən qoyulan müstəqilliyimizin dönməzliyi və sarsılmazlığı uğrunda apardığımız hər bir mübarizədə bütün gənclərə mətin və mübariz olmağı, bundan sonra zəfəri qeyd edəcəyimiz növbəti illərdə şəhidlərimizi daim xatırlamağı, onların müqəddəs ruhuna hər zaman hörmət etməyi tövsiyyə edib. Xalqımızın qürur və fəxarət dolu, qələbə ruhlu 44 günə şahidlik etdiyimiz üçün çox xoşbəxtik – deyən Elbrus İsayev qazandığımız qələbənin bir ili münasibətilə hər kəsi təbrik edib.

Sonra ali təhsil ocağının Konservatoriyası və Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrindən ibarət simfonik orkestrinin təqdimatında vətənpərvərlik mahnıları ifa edilib.

Konsertdə Ü. Hacıbəyov və O. Zülfüqarovun “Üvertüra”sı, M. Maqomayevin “Azərbaycan”, “Odlar ölkəsi”, “Aslan şahın ariyası” F. Əmirovun “Azərbaycan elləri”, B. Nəsibovun “Qarabağ”, R. Məmmədovun Yaşa mənim xalqım”, C. Quliyevin “Azərbaycan-Türkiyə”, sözləri və musiqisi universitetin Fortopiano kafedrasının müəllimi Nazilə Qardaşbəyova məxsus “Musiqi xəzinəsi- Azərbaycanım”, Konservatoriya və Musiqi Kollecinin birləşmiş xor kollektivlərinin ifasında Q. Qarayevin “Xoşbəxtlik kantatası”və digər mahnıları konsertə xoş ovqat bəxş edib.

Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Cabir Hacıyevin xoreoqrafı olduğu Naxçıvan Musiqi kollecinin rəqs qrupunun ifasında E. Mansurovun “Odlar yurdu” rəqsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, 140 nəfərdən ibarət orkestrə rəhbərlik edən və konsertin dirijoru Azərbaycan Respublikasının xalq artisti, universitetin professoru Çingiz Axundov, bədii rəhbəri ali təhsil ocağının müəllimi Ülvi Əhmədov olub.