
Naxçıvan Dövlət Universiteti məzunlarını daim diqqət mərkəzində saxlayır
Ali təhsil müəssisəsində Tarix-filologiya fakültəsi və Elmi kitabxananın birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin məzunu olmuş şairlərlə görüş təşkil olunub.
Baş tutan tədbirdə universitetin rektoru Elbrus İsayev qonaqları salamlayaraq qeyd edib ki, ali təhsil ocağı daima öz məzunları ilə mütəmadi olaraq görüşlər təşkil edir, tələbələrin onları tanımasına şərait yaradılır. “Təşkil olunan görüşün məqsədi də məhz ədəbi mühitin inkişafına, gənclərin bədii ədəbiyyata marağının artırılmasına, yazıçı və şairlərlə oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət edir” – deyə rektor çıxışında vurğulayıb. Elbrus İsayev bu cür tədbirlərin davamlılığını arzulayıb, şairlərlə birgə ədəbi-bədii gecələrin təşkil olunması haqda tövsiyyələrini çatdırıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar çıxışı zamanı birliyin yaranma tarixindən və fəaliyyətindən, eləcə də Naxçıvanda yaşayıb-yaradan şairlərin yaradıcılığından bəhs edib. Şuşa səfərindən söz açan şair səfər zamanı yazdığı “Zəfər yolu” şeirini səsləndirib.
Asim Yadigar tələbələrə Azərbaycan bədii ədəbiyyatı ila yanaşı dünya klassiklərindən də bəhrələnməyi tövsiyyə edib.
Sonra tələbələrin həm şairlərin, həm də özlərinin ərsəyə gətirdiyi şeirlərdən ibarət bədii qiraəti iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.
Daha sonra Naxçıvanda yaşayıb-yaradan qələm sahibləri Xanəli Kərimli, Həsənəli Eyvazlı, Zeyqəm Vüqar və Elxan Yurdoğlunun çıxışları dinlənilib.
Şairlər öz şeirlərindən misralar səsləndirərək, iştirakçıların zövqünü oxşayıblar.
Sonda Asim Yadigar Tarix-filologiya fakültəsinin kitabxanasına kitablar bağışlayıb.