
Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsi nəzdində yeni yaradılan ixtisasların perspektivləri müzakirə olunub
Ali təhsil ocağının Memarlıq və mühəndislik fakültəsində keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev universitetdə gələcək perspektivlər nəzərə alınmaqla yaradılan ixtisaslardan danışıb. Qeyd edilib ki, yeni yaranan ixtisaslar üzrə aparılan tələbə qəbulu prosesləri müasir dövrün tələbləri və ehtiyacları nəzərə alınmaqla həyata keçirilir. Rektor Memarlıq və mühəndislik fakültəsi nəzdində yaradılan və bu il ilk dəfə tələbə qəbulu aparılan Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi ixtisaslarının üstünlüklərindən danışıb və həmin ixtisasları gələcəyin ixtisasları adlandırıb. Rektor bildirib ki, ali təhsil ocağının beynəlxalq əməkdaşlıq məsələlərində, xarici ölkələrlə bağladığı müqavilələrdə sözügedən ixtisasların ikili diplom layihələrində iştirakı təmin olunub. Diqqətə çatdırılıb ki, Türkiyə Universitetləri ilə bağlanılan müqavilələlərə əsasən məhz mühəndislik sahəsində ikili diplom sahəsində razılığa gəlinib və bu ixtisas üzrə təhsil alan tələbələrin Ankara və Qazi universitetlərində təcrübə keçmələri təmin olunub. Elbrus İsayev Texnopark sahəsində bu ixtisasların xüsusilə fəaliyyətinə geniş imkanların yaradılacağını nəzərə alaraq müəllim və tələbələrin bu sahədə məsuliyyətli olmalarını və xarici dil bilgilərinə yiyələnməyi tövsiyyə edib.
Fakültənin dekanı, riyaziyyat elmləri doktoru, professor Cavanşir Zeynalov çıxış edərək bu il fakültəyə tələbə qəbulu aparılacaq “Proseslərin avomatlaşdırılması mühəndisliyi” ixtisasından danışıb. Müəllim və tələbələrin informasiya-kommunikasiya sahəsində xüsusi bacarıqlarının qiymətləndirilməsi haqda məlumat verən professor qeyd edib ki, bu ixtisaslar üzrə təhsil alan tələbələr keçdikləri nəzəri biliklərlə bərabər kurs və sərbəst işlərini hazırladıqları layihələrə əsasən təqdim edirlər. Bildirilib ki, məhz bunun nəticəsidir ki, “Elektronika və informasiya” kafedrasının müəllimi və “Robototexnika” kabinəsinin müdiri Heydər Xəlilov 26-29 may tarixlərində Bakı şəhərində keçiriləcək “Teknofest Azərbaycan” festivalının final mərhələsində “Smart Qarabağ” layihəsi ilə iştirak hüququ qazanıb.
Sonra tələbələrə professor Cavanşir Zeynalovun elektronika, mexanika, kibernetika, telemexanika, mexatronika, informatika elmlərini səmərəli şəkildə öyrənilməsini təmin edən “Robototexnikanın əsasları” kitabı və hədiyyələr təqdim edilib.
Sonda Robototexnika kabinəsində tələbələrin hazırladıqları layihələrə baxış olub. Tələbələrin hazırladıqları ağıllı şkaf, avtomobillərin məsafədən səslə idarə olunması, günəşin hərəkətinə doğru günəş paneli, verilən kodlara görə obyektlərin təsvirinin alınması adlı plotter (CNC) qurğusu, yanğın olan zaman hadisənin baş verdiyi zamanı və məkanı bildirən meşələrin yanğından təhlükəsizliyinin qorunması, müəyyən zaman rejiminə müvafiq olaraq avtomatik surətdə bitkilərin sulanması və quşların yemlənməsi, avtomobil idarə edən zaman sürücülərin yatmağının qarşısını almaq üçün ağıllı eynək, gözdən əlillər üçün maneəni xəbər verən ağıllı əsa layihələri iştirakçılar üçün xüsusi maraq oyadıb.