Naxçıvan Dövlət Universiteti Moskvada keçirilən “Xaricdə təhsil” sərgisində təmsil olunub

Naxçıvan Dövlət Universiteti Moskvada keçirilən “Xaricdə təhsil” sərgisində təmsil olunub

Bu gün ali təhsil müəssisəsi təhsil və tədrisdə, habelə elm istiqamətində beynəlxalq əlaqələrə üstünlük verir, dünyanın qabaqcıl universitetləri ilə mübadilə və əməkdaşlıq əlaqələri quraraq dialoq və mədəni əlaqələrin inkişaf etdirilməsini hədəfləyən tədqiqat proqramlarında iştirak edir. Həmin proqramın davamı olaraq ali təhsil ocağının nümayəndəsi Rusiyanın Moskva şəhərində keçirilən “Xaricdə təhsil” sərgisinə qatılıb. Sərgi zamanı universitetin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Azər Məhərrəmovla “Itec travel&education”, “Beringoff”, “EF”, “”Insayt”, “Swissam”, “Ilac” kimi beynəlxalq şirkətlərin nümayəndələri, Moskva Dövlət Universiteti və Puşkin adına Dövlət Rus Dili İnstitutunun əməkdaşları arasında görüşlər keçirilib. Görüşlərin başlıca məqsədi Rusiya universitetlərinin təhsil sistemi ilə tanışlıq, universitetlərarası əməkdaşlıq və mübadilə məsələləri olub.

“Itec travel&education” şirkətinin Beynəlxalq əməkdaşlıq departamentinin müdiri  Lanita Klimskaya ilə  ali təhsil müəssisəsinə əcnəbi tələbələrin cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunması, və digər istiqamətləri əhatə edir. Bu əməkdaşlığın mühüm sahələrindən birini təşkil edən əcnəbi tələbələrin cəlb olunması məsələsi  universitet üçün həmişə prioritet istiqamətlərdən biri sayılıb. Təsadüfi deyil ki, əcnəbi tələbələrin sayına görə Naxçıvan Dövlət Universiteti ölkədəki ali təhsil müəssisələri arasında birinci yeri tutur.

“Beringoff International Academy of Law” şirkətinin İnnovasiya departamentinin müdiri Şaqarov Stanislavla görüş zamanı birgə elmi konfransların və seminarların təşkili, müvafiq beynəlxalq təşkilatlarla işbirliyi, o cümlədən beynəlxalq platformada keçirilən hüquqşünaslar üçün təlimlərdə və konfranslarda yerli tələbələrin iştirakı barədə söhbət aparılıb.

Puşkin adına Dövlət Rus Dili İnstitutu ilə universitet arasında əməkdaşlığı genişləndirmək üçün bir sıra ciddi addımlar atılmalı olduğu vurğulanıb. İnstitutun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Kopılov Yuriy Viktoroviç müzakirə zamanı Naxçıvan Dövlət Universitetində Rus Dili Mərkəzinin yaradılması ilə bağlı səslənən fikirləri müsbət qarşılayıb. Qeyd olunub ki, müasir dünyanın tələblərinə uyğun olaraq müvafiq qurumlar arasında təhsilin qiymətləndirilməsi və birgə elmi-tədqiqat işlərinin aparılması üçün, bu əməkdaşlıq böyük perspektivlər yaradacaq.

Leave a Reply

Your email address will not be published.