Naxçıvan Dövlət Universiteti müəlliminin 60 illik yubileyi qeyd olunub
Naxçıvan Dövlət Universitetində “Ümumi və nəzəri fizika” kafedrasının müəllimi, fizika üzrə fəlsəfə doktoru, dosent Nailə Qardaşbəyovanın 60 illik yubileyi qeyd edilib.
Yubileyi giriş sözü ilə açan universitetin Tədris və Tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov Nailə Qardaşbəyovanın elmi- pedaqoji fəaliyyətini yüksək qiymətləndirib. Yubliyarı təbrik edən prorektor ona elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edərək universitetin fəxri fərmanını və gül dəstəsini ona təqdim edib.
Fizika-riyaziyyat fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Orxan Cəfərov yubliyar haqda məlumat verərək qeyd edib ki, 1961-ci ildə Naxçıvan şəhərində anadan olan Nailə Qardaşbəyova orta məktəbi 1978-ci ildə Naxçıvan şəhərində bitirib. 1978-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomatika və hesablama texnikası fakültəsinin yarımkeçiricilər və dielektriklər ixtisasına qəbul olunub. 1983-cü ildə universiteti bitirdikdən sonra 1997-ci ildə Naxçıvan Dövlət Universitetində baş laborant vəzifəsində çalışıb. 1999-cu ildə universitetin aspirantura şöbəsinə dissertant kimi qəbul olunub. 2002-ci ildə “Kənar yüklü dislokasiyalı kristallarda rekombinasiya prosesləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi adına layiq görülüb. 2003-ildə Ümumi və nəzəri fizika kafedrasında müəllim, 2007-ci ildə dosent vəzifəsinə təyin edilib. Diqqətə çatdırılıb ki, Nailə Qardaşbəyova hal- hazırda universitetdə “Biofizika” elmini tədris edir.
Ümumi və nəzəri fizika kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru Billurə Hacıyeva müəllimi olan Nailə Qardaşbəyova haqda xoş xatirələrini bölüşüb, bu gün bir müəllim kimi birgə çalışdıqlarına görə qürur hissini ifadə edib.
“Ümumi və nəzəri fizika” kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru Fərman Qocayev xoş arzu və istəklərini yubliyara ünvanlayıb.
Tədbirdə çıxış edənlər Nailə müəllimə ürək sözlərini çatdırıb, xoş sözlərini ifadə ediblər.
Sonda yubliyar yaradılan şəraitə, göstərilən diqqətə görə hərkəsə minnətdarlıq edib.