
Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi yüksək impaktfaktorlu jurnalda dərc olunub
Naxçıvan Dövlət Universiteti “Biologiya” kafedrasının dosenti, pedaqogika üzrə elmlər doktoru Zərövşən Babayevanın elmi məqaləsi Rusiyada dərc olunub. “XXI əsrin yeni kitab formatı- Elektron dərsliklər” adlı elmi məqalə “Elm və təcrübə bülleteni” ( “Bulletın of science and practice” ) adlı yüksək impaktfaktorlu jurnalda nəşr olunub.
Məqalədə müəllif belə qənaətə gəlir ki, ali və orta məktəblər üçün hazırlanan dərsliklərin formatı dəyişilməli, metodik, dərs vəsaitləri və dərsliklərin hazırlanmasında elektron və interaktiv formatlara keçilməlidir. Məqalədə həmçinin elektron dərsliklərin üstünlükləri, xüsusilə biologiyanın tədrisində müxtəlif istifadə formatları analiz edilir, dərsliklərin onlayn və ya offlayn rejimdə, kompüter, planşet, mobil telefon vasitəsilə istifadə imkanının olması, əyani vəsaitlərin mövcudluğu – qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri, böyük həcmli məlumatların saxlanması, mətnlər üzərində qeydlərin aparılması mümkünlüyü, rahat istifadə-axtarış sisteminin mövcudluğu araşdırılır. Məqalədə həmçinin bildirilir ki, elektron dərsliklər istifadəçilərin təhsil prosesində fəal iştirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün optimal şərait yaradır.
