Naxçıvan Dövlət Universiteti Musiqi Kollecində görüş keçirilib

Naxçıvan Dövlət Universiteti Musiqi Kollecində görüş keçirilib

Naxçıvan Dövlət Universiteti Musiqi Kollecində 4 günlük ustad dərsləri keçirən Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Xalq artisti Cəmilə Bayramova və Əməkdar artist Elçin Allahverdiyevlə kollecin tələbə və müəllimləri, o cümlədən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin iştirakı ilə görüş keçirilib. Çıxış edən rektor bildirib ki, kollecdə bir çox ixtisaslarda hazırlıqlı müəllimlər tədris prosesində iştirak etdiyi halda, xoreoqrafiya sahəsi üzrə kadr hazırlığına və peşəkar təcrübəyə ehtiyac duyulur. Xoreoqrafiyanın tədris üsulu, öyrənmə metodlarının mənimsənilməsi məqsədilə, tez-tez kollecdən kənar mütəxəssislərə müraciət edilir. Qeyd olunub ki, Bakı Xoreoqrafiya Akademiyasının Xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova və akademiyada rektor vəzifəsini icra edən Əməkdar artist Nailə Məmmədzadə ilə tanışlıq kollecdə tədrisi zamanı bu boşluğu doldurmaq üçün geniş imkanlar yaradıb. Rektor bildirib ki, Xoreoqrafiya sənəti son dövrlərədək Naxçıvanda həvəskar səviyyədə öyrənilmişdir və bu sahədə peşəkar müəllimlər azdır. Böyük tələbat olmasına baxmayaraq, xoreoqrafiya məktəbi Naxçıvanda hələ tam formalaşmayıb. Bu gün Mədəniyyət Nazirliyinin bütün strukturlarında, Filarmoniyada, dövlət tədbirlərində rəqs ansamblına həmişə ehtiyac duyulur. Azərbaycan milli rəqs adət-ənənələrinin qorunması, milli rəqsin peşəkar şəkildə öyrədilməsi və təbliğ edilməsi zərurətindən irəli gələrək, gələcək üçün qarşıda duran əsas vəzifələrdən biri, Naxçıvan Dövlət Universiteti bakalavr və magistratura səviyyələrində Xoreoqrafiya ixtisaslarını formalaşdırmaq, xoreoqrafiya təhsilinin bütün istiqamətləri üzrə məqsədyönlü fəaliyyət göstərmək və bu fəaliyyətin əsasını təşkil edən fənn proqramları və dərs vəsaitlərinin tərtib olunmasına şərait yaratmaqdır.

Ənənə və adətlərin xalq rəqslərini həmişə müşayiət etdiyini deyən Cəmilə Bayramova milli Azərbaycan xoreoqrafiyasının dərin mənbələrə əsaslandığını və müasir xoreoqrafiya sənətinin qədim vaxtlardan formalaşaraq bu günə gəlib çıxdığını diqqətə çatdırıb. Bildirilib ki, belə mütəmadi dərslər sayəsində tələbələr rəqs nömrələri, xoreoqrafik tamaşalar hazırlamağı öyrənə, incəsənət məktəblərində dərs keçmək bacarıqlarına yiyələnə bilərlər. Bunun üçün daim Naxçıvan Musiqi Koleci əməkdaşlarına dəstək olmağa hazır olduğunu bildirən Xalq artisti, muxtar respublika ilə bağlı xoş təəsüratlarını və burada olmaqdan böyük məmnunluq duyduğunu diqqətə çatdırıb.

Çıxış edən Əməkdar artist Elçin Allahverdiyev ictimaiyyət arasında xoreoqrafiyanın bütün sahələrinə marağın günü-gündən artdığını deyib. Bildirib ki, bu sahənin nümayəndələri Azərbaycan mədəniyyətinin həm təmsilçisi, həm də qoruyucusu hesab olunurlar. Bu səbəbdən, xoreoqrafiya sənətinin inkişafında xidmət etmək mədəniyyət işçilərinin üzərinə qoyulan şərəfli və böyük məsuliyyətdir. Təlim zamanı qonaqlar Naxçıvanın Əshabi-Kəhf ziyarətgahı, Möminə Xatun türbəsi, Duzdağ, və digər arxitektur abidələrini ziyarət ediblər.

Görüşün sonunda qonaqlara “Təşəkkürnamə” plaketi, rəsm əsəri və Naxçıvan məhsulları adından sovqatlar təqdim olunub.

Qeyd olunmalıdır ki, Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri tərəfindən Naxçıvan Dövlət Universiteti Musiqi Kollecində keçirilən dörd günlük ustad dərsləri zamanı tələbələrə  xoreoqrafiya sənətinin müxtəlif növləri, o cümlədən, Azərbaycan xalq rəqsləri, bal rəqsləri, müasir və klassik rəqslərin incəlikləri öyrədilib. Milli üslubda əl və ayaq hərəkətləri üzərində intensiv məşqlər aparılıb. Təlimçilər, xoreoqrafiya sənətinin müxtəlif növ və janrlarından istifadə edərək milli rəmzlərimizin təmsil olunduğu və xalq rəqslərinin daxil edildiyi möhtəşəm rəqs və mahnı proqramını ərsəyə gətiriblər. Proqramda “Mən Azərbaycanlıyam”, “Qıtqılıda rəqsi” və “Sudan gələn sürməli qız” kimi musiqi ifaları yer alıb.

Leave a Reply

Your email address will not be published.