Naxçıvan Dövlət Universiteti Musiqi Kollecində orta ixtisas musiqi kadrlarının hazırlanması istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilib

Tədbirdə giriş sözü ilə çıxış edən universitetin rektoru Elbrus İsayev Musiqi Kollecində mövcud problemlər və onların aradan qaldırılması yolları, tədrisin keyfiyyətinin yüksəldilməsi və muxtar respublikada musiqiçi kadrların hazırlanması istiqamətində həyata keçirilən işlərdən danışıb. Qeyd edilib ki, kollecdaxili nizam-intizam qaydalarının günün tələbləri səviyyəsində qurulması, pedoqoji heyətin tam ixtisaslaşdırılmış formada tədrisə cəlb edilməsi ilə təhsilin keyfiyyətinin yüksəldilməsi, savadlı və bacarıqlı gənc kadrların yetişməsi, dərslərin tələbələr tərəfindən tam olaraq mənimsənilməsi davam etdirilməlidir. Bildirilib ki, 2020-2021-ci tədris ilində tədrisin səmərəliliyinin məqsədyönlü formada təşkil olunması üçün qısa zaman kəsiyində müvafiq təmir-bərpa işləri aparılıb, kollecdə texniki təchizat işləri yenidən qurulub, tədrisə yardımçı vasitələrin, elektron lövhələrin, royallar və fortepianoların əsaslı təmir edilməsi üçün lazım olan maddi vəsitin ayrılması və digər bir çox məsələlər həll edilib. Rektor kollektivə göstərilən dövlət qayğısından düzgün yararlanmağı tövsiyə edib.

Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Məhəbbət Babayeva kollecin 46 illik keçdiyi fəaliyyəti dövründə yüzlərlə musiqişünas, xor dirijorları, bacarıqlı pedoqoqlar, mahir ifaçılar yetişdirilməsindən danışıb. Diqqətə çatdırılıb ki, təhsilin keyfiyyət göstəricilərinin artırılması məqsədilə təhsil müəssisəsində görülməli olan işlərlə əlaqədar müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən respublikanın tanınmış sənət adamları ilə görüşlərin, ustad dərslərinin təşkil edilməsi nəzərdə tutulub və atrıq bu sahədə işlərə başlanılıb. Bundan başqa tələbələrə sağlam yaradıcılıq rəqabətinin aşılanması, yüksək səviyyədə inkişaf etmələri üçün ayrı-ayrı ixtisaslar üzrə kurslararası, kollecdaxili müsabiqələrin təşkil olunması, bu müsabiqələrdə qalib olan tələbələrin mükafatlandırılması üçün müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutlub. Bundan əlavə kollecə abituriyent axını təmin etmək məqsədilə uşaq və gənclərlə müvafiq məqsədyönlü işlərin aparılması, müxtəlif ixtisaslar üzrə festivalların, ifaçılıq müsabiqələrinin təşkil olunması üçün plan-layihələrin hazırlanması da diqqətdə saxlanılıb. Həmçinin ixtisaslaşma aparılaraq Konservatoriyanın elmi dərəcəli müəllimləri kollecdə tədrisə cəlb edilib. Vurğulanıb ki, Konservatoriya və Musiqi Kollecinin müəllim və tələbələrindən ibarət Simfonik orkestr yaradılaraq Naxçıvan şəhəri Heydər Əliyev Sarayında orkestrin ilk təqdimatı baş tutub.

Daha sonra Orkestr alətləri üzrə Fənn Birləşməsi Kabinəsinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi İlahə Əliyeva, “Fortepiano” ixtisası üzrə Fənn Birləşməsi Kabinəsinin sədri Gültən Babayeva və tyutor Həlimə İbrahimlinin müvafiq sahələr üzrə çıxışları dinlənilib.

Sonda musiqi təhsilinin inkişafına göstərdiyi yüksək dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinə minnətdarlıq ifadə edilib.