Konfrans

Konfrans

Konfrans haqqında

Nizami Gəncəvi yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.

Dünya şöhrətli dahi Nizami Gəncəvi, hər şeydən əvvəl, böyük Azərbaycan şairi və mütəfəkkiridir. Bu qüdrətli sənətkarı Azərbaycan xalqı dünyaya bəxş etmişdir. Nizaminin əsərləri dünyanın əksər mədəni xalqlarının dillərinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri dünyanın bir çox xarici ölkə şəhərlərinin məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

2021-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdənbiri olan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dövlətimizin başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etmişdir. Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması haqqında imzaladığı sərəncam Nizami Gəncəvi kimi dünya miqyaslı qüdrətli sənətkara yenidən dönüş üçün Azərbaycan ziyalılarını səfərbər olmağa çağırır.

Konfransın məqsədi

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Konfransın məqsədi, dahi Nizami Gəncəvi irsini elmi əsaslı tədqiq etmək və onun əsərlərindəki milli-mənəvi duyğuların təhlilini aparmaqdır.

Konfransın istiqamətləri

1. Nizami Gəncəvi yaradıcılığı

2. Nizami Gəncəvi əsərlərində millik

3. Şərq ədəbiyyatı və Nizami Gəncəvi

4. Azərbaycançılıq ideologiyasında Nizami Gəncəvi əsərlərinin rolu

5. Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi yaradıcılığı

Məqalələrin qəbul qaydaları

1. Məqalələr heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır.

2. Məqalələrin həcmi 10 səhifəyə qədər, xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır.

3. Məqalənin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıda və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1.15 intervalla, Azərbaycan, türk, ingilis və ya rus dillərində “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: elmitedbirlerndu@gmail.com

4. Təqdim olunan yazının əvvəlində məqalələrin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.

5. Məqalənin əvvəlində müəlliflə bağlı məlumatdan sonra, məqalənin yazıldığı dildə xülasə və açar sözlər verilməlidir.

6. Elmi araşdırmaların yazılma üsullarına uyğun, beynəlxalq standartlara cavab verən məqalələrdə giriş, ən azı iki yarımbaşlıq və nəticə olmalıdır.

7. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinadlar göstərildiyi yerdən sonra, mötərizə içərisində müəllifin soyadı, nəşrin ili və səhifə nömrəsi sıra ilə verilməlidir; məsələn: (Bünyadov 2007,17-21).

Əgər bir müəllifin eyni ildə çap olunmuş iki və daha artıq əsəri varsa, belə olduğu halda (Bünyadov 2007(1), 31-36) və ya (Bünyadov 2007(2), 42-55) kimi qeyd edilir.Məqalənin sonunda ədəbiyyat siyahısında soyad, ad və nəşr ili göstərildikdən sonra, mötərizə içərisində 1 və ya 2 rəqəmləri qeyd edilir;məsələn: (Bünyadov Ziya (2007/1), 31-36) və ya (Bünyadov Ziya (2007/2), 42-55).

8. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat bu formada yerləşdirilməlidir: müəllifin soyadı və adı; nəşr ili(il); kitab; məqalə; simpozium və digərlərinin tam adı (əgər varsa, tərcümə edənin adı və soyadı); nəşr edilən yer; nəşriyyatın adı. Məqalələrdə ən sonda səhifələr göstərilir. Ədəbiyyat siyahısı məqalənin sonunda verilməlidir.

9. Xülasə və açar sözlər məqalənin yazıldığı dildən başqa iki xarici dildə, ədəbiyyat siyahısından sonra yerləşdirilməlidir. Hər bir xülasədə məqalənin adı, müəllifin adı,

soyadı və elmi dərəcəsi (olduğu təqdirdə) tam göstərməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələr məzmuna uyğun gəlməlidir.

10. Müəllif məqalənin keyfiyyətinə, göstərilən faktların düzgünlüyünə və digər məlumatlara görə cavabdehlik daşıyır.

Sonda konfrans materialları toplu halında nəşr olunacaqdır. Məqalələrin nəşri ödənişsizdir.

Məqalələrin göndərilməsi üçün son tarix: 20.10.2021

Qeyd: Məqalələrin sonunda mobil telefon nömrənizi qeyd edin.

Əlaqə nömrəsi: 544-08-61/1015