Naxçıvan Dövlət Universiteti “Stomatologiyada müasir innovasiyalar II” beynəlxalq konfransına ev sahibliyi edib

Naxçıvan Dövlət Universitetində “Stomatologiyada müasir innovasiyalar II” beynəlxalq konfransı keçirilib. Konfransdan öncə qonaqlar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Plenar iclasda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Universitetin Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov innovasiyaların müasir elmə, xüsusən də səhiyyə sahəsinə gətirdiyi yeniliklərdən bəhs edib.

İclası giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, universitetdə 2012-2013-cü ildən tədrisi aparılan “Stomatologiya” ixtisasında 303 tələbə təhsil alır ki, bunlardan 201-i xarici ölkə vətəndaşıdır. Bildirilib ki, fakültənin əsas binasında yaradılan müasir tipli “Stomatoloji simulyasiya kabinəsi” 13 ədəd diş simulyatoru-fantom ilə təchiz edilib. Tədrisin yüksək səviyyədə təşkili, praktiki vərdişlərə yüksək səviyyədə yiyələnmək məqsədilə əsas praktiki dərslər bu kabinədə keçirilir. Fakültədəki diş texniki kabinəsində tələbələr müxtəlif diş maketləri, protezlər üzərində işlər aparmaq imkanı əldə edirlər. Rektor onu da vurğulayıb ki, universitet xəstəxanasında hazırda pediatrik, terapevtik, 2 ədəd ortopedik, implantoloji olmaqla 6 stomatoloji kabinə fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, tələbələrin nəzəri bilikləri ilə bərabər təcrübələrinin artırılması da təmin edilir. Vurğulanıb ki, muxtar respublikanın bütün xəstəxanaları tələbələrimiz üçün tədris bazası rolunu oynayır. Rektor tələbələrin qardaş ölkənin müxtəlif universitetlərində təcrübələrini davam etdirdikləri barədə məlumat verib. Qeyd edilib ki, stomatoloq həkimlər və tələbələr mütəmadi olaraq müxtəlif respublika və beynəlxalq miqyaslı konfranslarda, simpoziumlarda, beynəlxalq layihələrdə iştirak edirlər. Rektor rezident və tələbələrin təcrübələrinin möhkəmlənməsində konfransın əhəmiyyətini qeyd edib.

Konfransda muxtar respublikada stomatologiyanın inkişafında Azərbaycan İmplantoloq İctimai Birliyinin xüsusi rolu dəyərləndirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri Elşən Yolçuyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəxri fərmanını birliyin sədri Cabbar Həsənova təqdim edib.

Azərbaycan İmplantoloq İctimai Birliyinin Sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov Ali Məclis Sədrinin tövsiyyəsi əsasında reallaşan bu prosesin muxtar respublika stomatologiyasına verdiyi mühüm xidmətləri qeyd edib. Cabbar Həsənov həm öz adından, həm də İmplantoloq İctimai Birliyi adından ona göstərilən xüsusi dəstəyə görə minnətdarlığını ifadə edib və bu görüşlərin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov Stomatologiyada innovasiyalar konfransının 2004-cü ildən bəri keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, hətta

pandemiya dövrünün ağır şərtləri daxilində konfrans onlayn olaraq həyata keçirilib. Nazir qeyd edib ki, muxtar respublikada stomatoloqlarun yetişməsində Cabbar Həsənovun xüsusi əməyi vardır. Vurğulanıb ki, bu cür görüşlərin, tədbirlərin nəticəsidir ki, muxtar respublikada stomatologiya müasir inkişaf mərhələsinə gəlib çatıb.

Sonra universitetin tanıtım videoçarxı nümayiş olunub.

Azərbaycan İmplantaloqlar Birliyinin üzvlərinin iştirak etdiyi konfransda 13 stomatoloqun çıxışları dinlənilməklə bərabər tədbirə Rusiya və Türkiyədən də onlayn qoşularaq təqdimatlar ediblər.

Qeyd edək ki, İncəsənət fakültəsinin sərgi salonunda konfransın baş sponsoru “Caspident” şirkətinin məhsulları nümayiş olunub. 1995-ci ildən fəaliyyət göstərən “Caspident MMC” stomatoloji avadanlıq, məhsul və alətlərin satışını həyata keçirir. “Caspident” həmçinin “Caspident Academy” adı altında yerli və xarici konfrans, seminar və kursların təşkilini həyata keçirərək, stomatoloji sahədə yeniliklərin stomatoloqlara daha əlçatan olması üçün daimi təşəbbüs göstərir.

Məlumat üçün onu da bildirək ki, sərgidə həmçinin, 2008-ci ildən etibarən fəaliyyətə başlayan “Odontos” şirkətinin də məhsulları da sərgilənib. Amerika, Avropa və Asiya istehsalı olan məhsul və avadanlıqları olan “Odontos” 55-dən çox xarici şirkətin Azərbaycandakı rəsmi distribütorudur.