Naxçıvan Dövlət Universiteti “Təbiətşünaslıq və kənd təsərrüfatı” fakültəsində elmi- nəzəri seminar keçirilib

Universitetin “Təbiətşünaslıq və kənd təsərrüfatı” fakültəsində “Coğrafiya” kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Elnarə Seyidovanın “Naxçıvan Muxtar Respublikasında Arazboyu düzənliklərdə təbiətə antropogen təsir formaları” mövzusunda elmi- nəzəri seminarı keçirilib. Giriş sözü ilə çıxış edən fakültənin dekanı Bəhruz Məmmədov aktual problemə həsr olunan seminarın işini yüksək qiymətləndirib.

Muxtar respublikada xüsusən antropogen landşaft komplekslərinin sahəsinin durmadan artması və dəyişməsini diqqətə çəkən Elnarə Seyidova bunun səbəbini təbii torpaq fondunun fasiləsiz olaraq antropogen istiqamətdə dəyişməsi, əhali sayının artımı muxtar respublika iqtisadiyyatının və kənd təsərrüfatının sürətli inkişafı ilə əlaqələndirib. Bildirilib ki, Arazboyu düzənliklər muxtar respublika əhalisinin ən çox məskunlaşdığı və kənd təsərrüfatının həmçinin sənayenin bütün sahələrinin geniş yayıldığı ərazilərindəndir. Bunun nəticəsidir ki, həmin ərazidə antropogenləşmə sürətlə gedir.