Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı ilin fəal təşkilatı seçilib

Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən görüşdə muxtar respublikanın ictimai və yaradıcı mühitində fərqlənən istedadlı 30 nəfər yeniyetmə və gəncləri, ilin fəalları və uğurlu nəticələr qazanan idmançılar mükafatlandırılıblar.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tələbələrin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq onların hüquq və maraqlarının müdafiəsini, intellektual inkişafını, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkilini təmin etmək, onların təhsil müəssisəsinin ictimai həyatında fəallığını artırmaq, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədini uğurla həyata keçirir. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Məhz ali təhsil ocağının tələbə təşkilatlarının fəallığı nəticəsində universitet tələbələri muxtar respublikada, Azərbaycanda keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda və digər tədbirlərdə fəal iştirak edir və qələbə qazanırlar.