Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı ölkə üzrə “İlin ən yaxşı Tələbə Gənclər Təşkilatı” adını qazanıb
Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Bakı şəhərində 2 fevral Gənclər gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının I strateji planlaşdırma forumu həyata keçirilib.
Forum çərçivəsində 2021-ci ildə ölkədə ictimai və sosial əhəmiyyətli o cümlədən könüllü fəaliyyətin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştirakına görə Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı “İlin ən yaxşı Tələbə Gənclər Təşkilatı” nominasiyası üzrə mükafatlandırılıb.
Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı qeyri-siyasi, qeyri-kommersiya və qeyri hökumət təşkilatı olmaqla hazırda Azərbaycan Respublikasının 101 ali və orta ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatını özündə birləşdirir. Bu təşkilatın sırasına həm paytaxt, həm də regionların ali təhsil müəssisələri aiddir.
Məlumat üçün onu da bildirək ki, Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Məhz ali təhsil ocağının tələbə təşkilatlarının fəallığı nəticəsində universitet tələbələri muxtar respublikada, Azərbaycanda keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda və digər tədbirlərdə fəal iştirak edir və qələbə qazanırlar.