
Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının fəal üzvləri qrant müsabiqəsinin qalibi olub
Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə 7-27 iyul 2022-ci il tarixlərində keçirdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri müəyyən edilib.
Qalib layihələr arasında Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının fəal üzvləri də var.
Belə ki, universitetin Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımovun “Tələbə Gənclər Təşkilatlarının I regional konfransı”, sədr müavini Sevindik Novruzzadənin “Xarıbülbül kuboku uğrunda Nə? Harada? Nə zaman? intellektual oyunu”, sədr müavini Adəm Məmmədovun “TAP-MAT intellektual şahmat oyunu üzrə birincilik” və Tələbə Gənclər Təşkilatının fəalı Bağdagül Cəfərlinin “Debat Çempionatı” layihələri müsabiqənin qalibi olub.
Qeyd edək ki, Tələbə Gənclər Təşkilatının qeyd edilən 4 layihəsi üçün müvafiq olaraq Əziz Qasımov 2500 manat, Bağdagül Cəfərli 2400 manat, Sevindik Novruzzadə 2100 manat, Adəm Məmmədov 1800 manat olmaqla ümumilikdə 8800 manat qrant ayrılıb.