Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı Simulyasiyası keçirilib

“Postmüharibə dövründə regionun siyasi mənzərəsi, yeni reallıqlar” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında müvafiq ixtisasların simulyasiyalarının təşkilinin davamlı xarakter aldığını bildirib. Rektor bu kimi simulyasiyaların keçirilməsinin tələbələr üçün əhəmiyyətli olduğunu, onların bacarıqlarının formalaşması və gələcək karyeralarındakı önəmini diqqətə çəkib.

Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov “BMT Simulyasiyası” layihəsi haqqında məlumat verərək diqqətə çatdırıb ki, layihədə iştirak etmək üçün 60 tələbə qeydiyyatdan keçib. Mövzu ilə bağlı biliklər müsahibə yolu yoxlanıldıqdan sonra  15 iştirakçı simulyasiyada çıxış etmək hüquq qazanıb. Vurğulanıb ki, 15 ölkə olmaqla -Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan, ABŞ, Böyük Britaniya, Ukrayna, İsrail, Fransa, Almaniya, İtaliya, Pakistan və Türkmənistan rəsmi nümayəndələri tələbələr tərəfindən təmsil olunub.

“Beynəlxalq münasibətlər” ixtisası üzrə III kurs tələbəsi Fatimə Sultanova “BMT- Azərbaycan əlaqələri” mövzusunda çıxış edib.

Beynəlxalq münasibətlər kafedrasının müdiri Şamxal Məmmədov və həmin kafedranın müəllimi Gülçin Ağayevanın hakimlik etdiyi simulyasiyada fəal iştirak etdiyinə görə Ukraynanı təmsil edən “Dövlət və bələdiyyə idarə etməsi” ixtisası üzrə IV kurs tələbəsi Elmar İsgəndərov diplom və hədiyyə ilə mükafatlandırılıb. “Beynəlxalq münasibətlər” ixtisasının  IV kurs tələbəsi Fransa təmsilçisi Fərid Abdullayev və “Psixologiya” ixtisası I kurs tələbəsi İran təmsilçisi Həcər Ələsgərova həvəsləndirici yerə layiq görülüblər.