Naxçıvan Dövlət Universiteti tələbələri arasında İnnovativ Bank Məhsulu startap layihəsinə start verilib

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Mərkəzi Bank İdarəsinin təşkilatçılığı ilə təlim keçirilib. İnnovativ Bank məhsulu startap layihəsinin hazırlanması məqsədilə keçirilən təlim ali təhsil ocağının Magistratura mərkəzində baş tutub.

Tədbirdə çıxış edən universitetin İnformasiya-Kommunikasiya və Elektron Təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli qeyd edib ki, ali təhsil ocağında startapların hazırlanması və formalaşdırılması üçün İdeya bankı fəaliyyət göstərir. Həmçinin ötən tədris ilində ilk dəfə I startap müsabiqəsi keçirilib, ən yaxşı layihələr seçilərək dövlət və özəl qurumlara təqdim edilib. Bildirilib ki, hazırda universitetdə inşa olunan Texnoparkda 20 startap layihə üzərində işlər davam etdirilir. Vurğulanıb ki, gələcəkdə Texnoparkda fəaliyyət göstərəcək İnkubasiya mərkəzi bu cür layihələrin daha da təkmilləşdirilməsinə imkan verəcək.

Mühasibatlıq şöbəsinin müdiri Ülvi Baxışlı universitetdə smart tələbə kartlarının istifadəsini diqqətə çatdıraraq bildirib ki, uzun illərdir ali təhsil ocağında fəaliyyət göstərən Enactus komandası təqdim etdiyi startap layihələrlə muxtar respublikamızı ölkəmizdə eləcə də dünyada uğurla təmsil edirlər. Qeyd edilib ki, artıq müasir innovasiyaların tətbiq olunduğu universitetdə tələbələrə mentorluq dəstəyinin göstərilməsi və prototip layihələrin birgə hazırlanması ənənə halını alıb.

Mərkəzi Bank İdarəsinin əməkdaşı Pərviz Babayev İnnovativ Bank Məhsulu layihəsi haqqında iştirakçılara slaydlar vasitəsilə ətraflı məlumat verib. Layihənin təqdim olunma qaydası, qiymətləndirilmə prosesi, layihə üçün tələblər iştirakçıların nəzərinə çatdırılıb. Tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara marifləndirici bukletlər təqdim olunub.

Qeyd edək ki, layihə üçün son müraciət tarixi 30 martdır.